Fermerlərə yeni vergi gəlir? Ərzaq bahalaşa bilərmi?
Pomidor, kartof, ət və süd bahalaşa bilərmi?
Azərbaycanda fermerlər üçün vergi güzəştlərinin dəyişdirilməsi təklif olunur.
Amma bu, bütün güzəştlərin ləğvi demək deyil.
Hazırda kənd təsərrüfatı məhsulu istehsalçıları yalnız torpaq vergisi ödəyir. Gəlir, mənfəət, ƏDV və bir sıra digər vergilərdən isə azaddırlar.
Yeni layihəyə görə, 2027-ci ildən gəlir və mənfəət vergisi üzrə 100 faizlik azadolma 90 faizlik güzəştlə əvəz edilə bilər.
Yəni fermerin gəlirinin və ya mənfəətinin yalnız 10 faizlik hissəsi vergiyə cəlb olunacaq.
Bu, 10 faiz vergi demək deyil.
Sadə misal:
Fermer 100 manatlıq məhsul satır və xərclər çıxıldıqdan sonra 10 manat mənfəət əldə edir.
Bu halda onun ödəyəcəyi vergi təxminən 20 qəpik olacaq.
Fermer həmin 20 qəpiyi tam olaraq qiymətə əlavə etsə, 100 manatlıq məhsul nəzəri olaraq 0,2 faiz bahalaşa bilər.
Bəs sosial şəbəkələrdə deyilən 18 faiz ƏDV?
Layihə kənd təsərrüfatı məhsullarına 18 faiz ƏDV tətbiq olunmasını nəzərdə tutmur.
Əksinə, yerli kənd təsərrüfatı məhsullarının satışına ƏDV güzəştinin 2029-cu ilin sonunadək davam etdirilməsi təklif edilir.
Ancaq güzəştdən istifadə etmək istəyən fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməli və gəlirlərini vergi bəyannaməsində göstərməlidir.
Bir məqam da var: ərzağın qiymətinə yalnız vergi təsir etmir.
Yanacaq, yem, gübrə, suvarma, məhsuldarlıq və saxlama xərcləri də qiymətə təsir göstərir.
Üstəlik, layihə hələ yalnız birinci oxunuşdan keçib. Sonrakı müzakirələrdə qaydalar dəyişə bilər.



