“Uşağımın təhsilinə mən yox, siz mane olursunuz”
Azərbaycanda hicabla məktəbə buraxılmadıqlarını deyən bəzi şagirdlər bir aydan çoxdur dərslərdən kənarda qalıblar.
Valideynlər deyirlər ki, uşaqlarını məktəbə göndərmək istəyirlər, amma qızları hicabla dərsə buraxılmır.
Neftçala sakini Gülbəniz Rzayevanın sözlərinə görə, 10-cu sinifdə oxuyan qızı bir aydan çoxdur məktəbə getmir.
"Biz bir həftə getdik-gəldik və bizə axırda dedilər ki, gəlməyin, gələcəksə başını açsın gəlsin. Sadəcə olaraq uşağımın sağlamlığına görə gedə bilmədim mən. qorxdum ki, uşağımın sağlamlığı artıq pis olar", - Gülbəniz Rzayeva deyib.
Daha sonra ailəyə məktub göndərilib. Məktubda valideynin uşağı təhsildən yayındırdığı və məsuliyyətə cəlb oluna biləcəyi qeyd olunub.
Gülbəniz Rzayeva isə bununla razılaşmır.
"Mən uşağımın təhsilinə maneə törətmirəm, siz törədirsiz təhsilə mane. Həm də ki, fakt siz mane olursuz, niyə mən məsuliyyətə cəlb olunmalıyam?!", - Gülbəniz Rzayeva bildirib.
Nardaranda yaşayan Əbülfəz Bünyatov da 8-ci və 6-cı sinifdə oxuyan iki qızının bir aydan çoxdur dərslərə buraxılmadığını deyir.
Onun sözlərinə görə, qızları dərsləri internetdən izləməyə çalışırlar. Ancaq bütün fənləri bu yolla öyrənə bilmirlər, əlavə müəllim tutmağa isə ailənin maddi imkanı yoxdur.
"Təxminən bu gün 8-ci sininf üçün 14 fənn varsa əgər olardan orta hesabla 4-5-dən istifadə edə bilirik. Böyük əksəriyyətindən istifadə edə bilmirik. Nə üçün mənim maddi imkanım, mən özüm 1-ci qrup əliləm heç maddi imkanım da imkan verməz ki, mən əlavə müəllim tapım. Əksəriyyəti də belə", - Əbülfəz Bünyatov deyib.
Oktyabrın 12-dən Azərbaycanın müxtəlif bölgələrində hicablı şagirdlər və valideynləri məktəblərin qarşısında etirazlar keçiriblər.
Rəsmi qurumlar məktəblərdə hicabın xüsusi olaraq qadağan edilib-edilmədiyi barədə suala birbaşa cavab verməyib, vahid məktəbli formasının tətbiq olunduğunu vurğulayıblar.
Təhsil Nazirliyi isə hicablı şagirdlərin təhsilinin necə davam etdiriləcəyi ilə bağlı suallara aydınlıq gətirməyib.



