Ermənistan KTMT-də səsvermə hüququnu itirib
Rusiyanın aparıcı rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistan səs hüququndan məhrum edilib.
Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov: "Ermənistanın bir neçə ildir ki, təşkilatın nizamnaməsini rəhbər tutaraq öhdəliklərini yerinə yetirməməsi səbəbindən onun səsvermə hüququndan məhrum edilməsi təklif edildi və qərara alındı".
Ermənistan həmçinin təşkilatda yüksək vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilib.
2024-cü ilin fevralında baş nazir Nikol Paşinyan ölkənin KTMT-də iştirakının dondurulduğunu elan edib.
Ermənistan hökumətinin yeni proqramında artıq Rusiya strateji müttəfiq kimi göstərilmir.
Paşinyan bəyan edib ki, Ermənistanın KTMT-yə marağı tükənib və respublika artıq qurumda maraqlı deyil.
O bunu 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlər zamanı Moskva və KTMT-nin Ermənistanla bağlı öhdəliklərini yerinə yetirməməsi ilə izah edib.
Rusiya Ermənistanın ittihamlarını qəbul etmir.
KTMT-nın üzvləri keçmiş sovet respublikalarından Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildilrər.



