İran rejissor Cəfər Pənahiyə beş il həbs cəzası verib
İranın tanınmış yönətməni Cəfər Pənahi beş il bir ay həbs cəzasına məhkum edilib və əmlakının müsadirəsinə qərar verilib.
Bu barədə yönətmənin vəkili Mustafa Nili oktyabrın 27-də məlumat verib.
Vəkilin sözlərinə görə, Tehran İnqilab Məhkəməsi hökmü qiyabi verib. Qərara əsasən, Pənahiyə iki il müddətinə ölkədən çıxış və sosial şəbəkələrdən istifadə qadağası da tətbiq olunub.
İran məhkəmə hakimiyyəti oktyabrın 31-də yaydığı bəyanatda rejissoru yəni yönətməni"milli təhlükəsizliyə qarşı fəaliyyət" və "təbliğat fəaliyyəti" ilə bağlı ittiham etdiyini bildirib. Lakin ittihamların detalları açıqlanmayıb.
Cəfər Pənahi və ya onun nümayəndələri yeni ittihamlarla bağlı hələlik ictimai açıqlama verməyiblər.
Vəkili Mustafa Nili "İmtidad" xəbər saytına bildirib ki, ittihamların təfərrüatları ona da məlum deyil.
Nili deyib ki, yönətmən verilən yeni cəza barədə məhkəmə tərəfindən rəsmi şəkildə məlumatlandırılmayıb və hökmün mövcudluğunu bank hesablarının bloklanmasından sonra öyrənib.
Bu, Pənahinin ilk məhkumluğu deyil. O, son illərdə bir neçə dəfə İran hakimiyyətinin təzyiqləri ilə üzləşib və müxtəlif ittihamlarla məhkəməyə cəlb edilib.
Pənahi noyabrın 3-də Tehranda keçirilən dəfn mərasimində ictimaiyyət qarşısında görüntülənib.
İnsan haqları təşkilatlarının məlumatına görə, o, noyabrın əvvəllərinə qədər girov yəni vəsiqə müqabilində azadlıqda olub.
66 yaşlı yönətmən İran sinəmasının beynəlxalq səviyədə ən çox tanınan simalarından biridir. O, sosial sorunlar və fərdi azadlıqlardan bəhs edən filmləri ilə tanınır.
İran azərbaycanlısı olan Pənahinin son filmi "Sadə bir qəza" (A Simple Accident) 2025-ci ildə Kann Film Festivalının əsas ödülü sayılan "Qızıl Palma budağı"na layiq görülmüşdü.
İnsan haqları müdafiəçiləri və beynəlxalq sinəma təşkilatları son illərdə İran hakimiyyətini tənqidi fikirlər səsləndirən sənətçilərə qarşı təzyiqlərdə ittiham edirlər.
Tehran isə bu ittihamları rədd edir və məhkəmə qərarlarının ölkə qanunvericiliyi əsasında verildiyini bildirir.



