ABŞ Müdafiə naziri ona irad tutan əsgərə mükafat verib
ABŞ Müdafiə naziri Pete Hegseth ona və yanındakı qrupa irad bildirən əsgərə mükafat verib.
Nazir mütəxəssis Thomas İglesias-ı "11 noyabr 2026-cı ildə Naməlum Əsgər Məzarında vəzifələrini yerinə yetirdiyinə görə Birgə Xidmət Fərqlənmə Medalı" ilə təltif edib.
Bu tədbirdən çəkilən fotonu X-da paylaşan nazir yazıb:
"Biz əsgərləri sevirik. Biz standartları sevirik. Afərin, mütəxəssis."
Həmin əsgər Arlinqtondakı Milli Qəbiristanlıqda, Naməlum Əsgər Məzarı yaxınlığında gülüb-danışdıqları üçün nazir və digərlərinə irad bildirmişdi.
"Bütün ziyarətçilər həmişə sükut və hörmət mühitini qorumalıdırlar", qarovulçu onlara üzünü tutaraq demişdi.
Hadisə Veteranlar Gününə həsr olunmuş əklilqoyma mərasimindən sonra baş verib.
Müharibədə ölən naməlum amerikalı əsgərləri dəfn edildiyi yer olan Naməlum Əsgər Məzarı Vaşinqtonda ən çox ziyarət edilən yerlərdəndir.
Qarovulçular günün 24 saatı, hava şəraitindən asılı olmayaraq məzarı qoruyurlar. Burada qaydalar da ciddidir. Ziyarətçilərdən həmişə sükutu qorumaq, mərasimlər zamanı papaqları çıxarmaq və baryerlərin arxasında dayanmaq tələb olunur.



