Ermənistanda müxalifət Paşinyana qarşı birləşir
Ermənistanda Baş nazir Nikol Paşinyanın siyasətinə qarşı birləşmiş müxalif qüvvələr əhali arasında məlumatlandırma kampaniyasına başlayıb.
Onlar bildirirlər ki, məqsədləri Ermənistanın gələcəyi ilə bağlı vacib məsələlərdə vahid mövqedən çıxış etməkdir.
12 qüvvənin birləşdiyi müxalif koalisiyanın birgə bəyanatını ölkənin siyasi səhnəsində tanınan bir sıra qüvvələr imzalayıb. Onların arasında keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın siyasi blokları, həmçinin Levon Ter-Petrosyanın Erməni Milli Konqresi də var.
Birgə bəyanatda deyilir ki, Konstitusiya dəyişiklikləri qəbul edilə bilməz, çünki, müxalifətin iddia etdiyinə görə, onun mətni Azərbaycanın tələbi ilə redaktə edilir.
Həmçinin qeyd edilir ki, Sülhə nail olmaq üçün birtərəfli güzəştlər və ərazi itkiləri olmamalıdır.
Onlar həm də Milli eyniliyin qorunması və Erməni Apostol Kilsəsinin dəstəklənməsini, Ölkədə vətəndaş hüquq və azadlıqlarının tam bərpasını istəyirlər.
Bu məsələdə Paşinyanla müxalifət arasında fikir ayrılığı davam edir.
Baş nazir bildirib ki, yeni Konstitusiyaya qarşı çıxmaq Azərbaycanla yekun sülhə qarşı çıxmaq deməkdir.
Onun sözlərinə görə, belə mövqe tutan qüvvələr ictimai təzyiqlə üzləşəcək və hakim komanda bu prosesə rəhbərlik edəcək.
Müxalifətin birləşməsi Güclü Ermənistan Partiyasının rəhbəri, Rusiyada biznesə sahib olan milyardçı Samvel Karapetyana qarşı aparılan istintaqın davam etdiyi vaxtda baş verir.
Karapetyan bu il yanvar ayından ev dustaqlığında idi. O, hakimiyyəti ələ keçirməyə çağırışlar, vergidən yayınma və çirkli pulların yuyulması kimi cinayətlərdə ittiham olunur.
Noyabrın 4-də isə o, özünə məxsus olmuş Ermənistanın Elektrik Şəbəkələri şirkəti ilə bağlı yeni iş üzrə saxlanılıb.
Məhkəmə onun barəsində bir aylıq həbs qərarı çıxarıb. Müdafiə tərəfi qərarı qanunsuz və əsassız saydığını bildirir və apellyasiya şikayəti verməyə hazırlaşır.



