"Azərbaycanla sülh istəməyən"lərə Paşinyandan mesaj

Videonun alt yazısı, "Azərbaycanla sülh istəməyən"lərə Paşinyandan mesaj
"Azərbaycanla sülh istəməyən"lərə Paşinyandan mesaj
Çap edildi

Paşinyan bildirib ki, Ermənistan yeni Konstitusiyanı qəbul etdikdən sonra Azərbaycanla sülh sazişinin imzalanıb-imzalanmayacağı mühüm suallardan biridir.

O həmçinin qeyd edib ki, sülh sazişi imzalanarsa, bununla iki ölkə arasında bütün mübahisəli məsələlərin həll olunmuş hesab edilib-edilməyəcəyi də aydınlaşdırılmalıdır.

Paşinyan deyib ki, hakimiyyət yaxın vaxtlarda bu suallara cavab almağa çalışacaq.

Əgər cavab müsbət olarsa, o, vətəndaşların əksəriyyətinin yeni Konstitusiyanı dəstəkləyəcəyinə inanır.

Paşinyan müxalifətə də xəbərdarlıq edib. Onun sözlərinə görə, bundan sonra da yeni Konstitusiyaya qarşı çıxmaq Azərbaycanla yekun sülhə qarşı olmaq deməkdir.

O bildirib ki, bu halda müxalifət ictimai təzyiqlə üzləşəcək və buna hakim qüvvə başçılıq edəcək.

Ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, yeni Konstitusiyada 1990-cı il Müstəqillik haqqında Bəyannaməyə istinad çıxarılıb. Onun sözlərinə görə, onların Dağlıq Qarabağı və Ermənistanı birləşdirmək məqsədi yoxdur.

Müxalifət isə dəyişikliklərə qarşıdır. "Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryan deyib ki, onlara səs verən xalq Azərbaycanın tələbi ilə qəbul olunan konstitusiyaya səs vermək səlahiyyəti verməyib.

Azərbaycan bildirir ki, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir.

Bakı hesab edir ki, Konstitusiyada istinad olunan Müstəqillik haqqında Bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları var.

Ermənistan və Azərbaycan 2025-ci ilin avqustunda sülh bəyannaməsi imzalayıb. Amma yekun sülh müqaviləsi hələ imzalanmayıb.