Yerevandakı Göy Məscidin adı niyə mübahisə yaradıb?
Yerevandakı Göy Məscidin mərasim zalına erməni şair Yeğişe Çarentsin adı verilib.
İran səfirliyi məsciddə konfrans və görüşlər üçün salonu olan Mədəniyyət Mərkəzi yaradıb.
Noyabrın 9-da Yerevanda səfərdə olan İran vitse-prezidenti Seyid Həmid Purməhəmmədi Yeğişe Çarentsin ad lövhəsinin açılışını edib.
Zalda həmçinin Çarentsin büstünün yerləşdiriləcəyi bildirilib.
Göy Məscid Yerevanda fəaliyyət göstərən yeganə müsəlman ibadət evidir. Hazırda Ermənistandakı İran icmasının dini və mədəniyyət mərkəzi kimi xidmət edir.
Rusiya imperiyası dövründə Yerevanda müsəlmanların, yəni azərbaycanlıların, dini ibadətlərini etdikləri məscidlərdən biri idi.
Göy Məscid sovet dövründə məhv olmaqdan xilas edilmiş yeganə məsciddir.
1931-ci ildə onun ərazisində Yerevan muzeyi yerləşdirilib, sonralar burada planetarium da olub.
Ermənistan müstəqillik əldə etdikdən sonra məscid İran İslam Respublikasının maliyyə dəstəyi ilə bərpa olunub.
Hazırda burada əsasən İrandan olan müsəlmanlar ibadət və dini tədbirlər keçirir.
Məscidin perimetri ayrı-ayrı girişləri olan hücrələr, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir.
Göy məscidin mərasim zalına erməni şair Yeğişe Çarentsin adının verilməsi və gələcəkdə onun büstünün qoyulması planı Azərbaycanda rəsmi və ictimai səviyyədə ciddi narazılıqlara səbəb olub. İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin iştirakı ilə keçirilən bu mərasim Bakı tərəfindən abidənin tarixi kimliyinin təhrif edilməsi kimi qiymətləndirilir.



