İran: Azərbaycanın addımı “dostyana deyil”

Videonun alt yazısı, İran: Azərbaycanın addımı “dostyana deyil”
İran: Azərbaycanın addımı “dostyana deyil”
Çap edildi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Azərbaycanın bir neçə İran vətəndaşını arzuolunmaz şəxs elan etməsini tənqid edib, İranın rəsmi xəbər agentliyi - İRNA bildirib.

Bəqayi bildirib ki, 14 İran vətəndaşının arzuolunmaz şəxs elan olunması məntiqli görünmür. Onun sözlərinə görə, həmin şəxslərin heç biri diplomat deyil və onlar Azərbaycan ərazisində olmayıblar, İran mediası yazıb.

İran XİN sözçüsü deyib ki, bu addımın mahiyyəti dostyana deyil.

Bəqayi əlavə edib ki, məsələ ilə bağlı Azərbaycanın İrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz bildirilib.

O həmçinin deyib ki, İran gələcəkdə başqa tədbirlər də görə bilər.

Azərbaycanın Xarici İşlər Nazirliyinin bununla bağlı hələlik şərhi yoxdur.

BBC Azərbaycanca material yayımlanana qədər nazirlikdən məsələ ilə bağlı sualına cavab almayıb.

Hakimiyyətə yaxın APA agentliyi noyabrın 3-də yazıb ki, Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan ərazisində arzuolunmaz şəxs elan edilib.

Məlumata görə, onların ölkəyə girişinə qadağa qoyulub.

APA-nın yaydığı siyahıda siyasi təhlilçilər, indiki və keçmiş deputatlar, eləcə də jurnalistlər yer alır.