“Bir saat olmamışam, gəlib görmüşəm, evi söküblər”
"Bir saat olmamışam, gəlib görmüşəm, evi söküblər", - bunu Bakı sakini Vaqif Şirinbəyov deyir.
O deyir ki, Yasamal rayonu, Tolstoy küçəsi 107 ünvanında 2013-cü ildən yaşayırdı. Onun sözlərinə görə, oktyabrın 16-da evi Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi Zülfəli İsmayılovun rəhbərliyi ilə qanunsuz şəkildə sökülüb.
Vaqif Şirinbəyov deyir ki, evə qayıdanda yataq otağının dağıldığını görüb. Onun sözlərinə görə, hələ evə daxil olmamış qapını açanda ikinci mərtəbənin uçurulduğunun şahidi olub. O bildirir ki, ev çox pis vəziyyətdə idi, eyvanda sallanan taxtalar vardı və tikili hər an çökə bilərdi. Şirinbəyovun sözlərinə görə, hamam-tualet, mətbəx və də ciddi şəkildə dağıdılıb, mətbəx və yataq otağı uçurulub. O əlavə edir ki, yalnız bir qonaq otağı qalmışdı və onun da qısa müddətdə çökməsi gözlənilirdi.
Bakının mərkəzində, Bayırşəhər kimi tanınan məhəllələrdə təxminən üç ildir söküntü işləri aparılır.
Bakı Şəhər İcra Hakimiyyəti ərazidəki tikililərin hansı məqsədlərlə söküldüyünü və gələcəkdə həmin ərazidə nə nəzərdə tutulduğunu ictimai şəkildə açıqlamayıb. Qurum BBC Azərbaycancanın sorğularını da cavablandırmayıb. Yerli media həmin ərazidə park salınacağını yazır.
Vaqif Şirinbəyov deyir ki, evi söküləndən sonra hadisə yerinə işlərə rəhbərlik edən Zülfəli İsmayılov gəlib. Onun sözlərinə görə, İsmayılov bildirib ki, başqa bir söküntü aparılarkən evə daş düşüb.
BBC Azərbaycanca Bayırşəhər kimi tanınan ərazidə evlərin qanunsuz sökülməsi ilə bağlı iddialara dair Zülfəli İsmayılovdan və onun çalışdığı Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib.
Vaqif Şirinbəyov deyir ki, onlara evə başqa söküntü işləri zamanı evinə daş düşdüyü deyilib. Lakin onun ifadəsinə görə, hadisədən bir gün sonra hərəkətə keçərkən evin aşkar dağıldığını görüb. O qeyd edir ki, ilk videoda yalnız hamam-tualetin və yataq otağının uçurulduğu görünür, amma ertəsi gün ev yerlə-yeksan edilib və tikilidən heç nə qalmayıb.
Vaqif Şirinbəyov deyir ki, aylardır evinin ətrafındakı bütün tikililər sökülüb. Onun sözlərinə görə, söküntü komissiyası mənzilinə görə hər kvadratmetr üçün 2700 manat məbləğində kompensasiya təklif edib. Lakin o, bu məbləğin onu qane etmədiyini bildirir.
Rəsmi qurumlar kompensasiyanın məbləği ilə bağlı BBC Azərbaycancanın sorğusunu cavablandırmayıb.
Vaqif Şirinbəyovun sözlərinə görə, təklif olunan kompensasiya ilə şəhərin mərkəzində, uzun illər yaşadığı əraziyə yaxın yerdə mənzil almaq mümkün deyil. O bildirir ki, həmin vəsaitə yalnız şəhərin kənarlarında mənzil almaq olar və bu da ailəsi üçün məqbul variant sayılmır.
O istəyir ki, əgər evi dövlət ehtiyacları üçün sökülübsə, ailəsi dövlət proqramı çərçivəsində əvvəlki yaşayış yerindən 300-500 metr radiusda yerləşən, eyni ölçülü mənzillə təmin olunsun. Lakin onun sözlərinə görə, komissiya bu variantdan da yayınır.
Yasamal Rayon İcra Hakimiyyəti BBC Azərbaycancaya bildirib ki, söküntü işlərini qurum həyata keçirmir və bu işlər Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir.
Bakı Şəhər İcra Hakimiyyəti isə BBC Azərbaycancanın qanunsuz söküntü iddiaları ilə bağlı suallarını cavablandırmayıb.
Vaqif Şirinbəyov deyir ki, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etsə də, şikayətləri təmin olunmayıb.
Onun sözlərinə görə, indi ümidini məhkəməyə bağlayıb.



