İran Azərbaycanında "çörək üçün uzun növbələr”
Sosial şəbəkələrdə yayılan videolar və yerli sakinlərin BBC Azərbaycancaya söylədiklərinə görə, İranın Azərbaycan bölgəsindəki bəzi şəhərlərdə dövlət tərəfindən subsidiyalaşdırılan çörəyi almaq üçün uzun növbələr yaranıb.
Bəzi sakinlər ucuz çörək əldə etməyin getdikcə çətinləşdiyini deyirlər.
Çörək İranda dövlət tərəfindən subsidiyalaşdırılan əsas ərzaq məhsullarından biridir.
Sərbəst bazarda un və çörəyin qiyməti daha yüksək olduğundan, dövlətin güzəştli qiymətlə satdığı çörəyə tələbat artır.
tasnim xəbər agentliyinin məlumatına görə, Təbriz Çörəkçilər Birliyinin sədri Məhəmməd Abbasvənd iyun ayında subsidiyalı lavaş çörəyinin qiymətinin 1600 tümənə qaldırıldığını bildirib. Noyabr ayında isə 160 qramlıq lavaşın bazar qiymətinin 13 min 500 tümən olduğu açıqlanıb.
Urmiyada yaşayan dörd uşaq anası BBC Azərbaycancaya altı nəfərlik ailəsinin çörək ehtiyacını qarşılamaqda çətinlik çəkdiyini deyib.
Qadının sözlərinə görə, evdə çörək bişirmək üçün bir neçə gün əvvəl çörək sexindən xəmir almaq istəyib, lakin ona satmayıblar.
"Ondan sonra yarım kiloqram un istədim. Dedilər ki, un çörəkbişirmə məntəqələrinə pay əsasında verilir", - o bildirib.
Sosial şəbəkələrdə yayılan və Marağada çəkildiyi deyilən videolardan birində yaşlı bir kişi belə deyir:
"Səhər saat beşdən növbədəyəm. İndi saat doqquzdur. Cəmi 30 çörək ala bilmişəm".
Başqa bir qadın isə gecə saat üçdən növbəyə gəldiklərini və yeddi nəfərlik ailələrinin ehtiyacını qarşılayacaq qədər çörək ala bilmədiklərini söyləyir.
Urmiyadan yayılan görüntülərdə də bir kişi saatlarla növbədə gözləmək məcburiyyətində qaldığından şikayət edir.
BBC Azərbaycanca sosial şəbəkələrdə paylaşılan videoların çəkildiyi vaxtı və məkanı müstəqil şəkildə tam təsdiqləyə bilməyib.
Marağa Taxıl İdarəsi növbələrin yaranmasını mövsümi işçilərin bölgəyə gəlməsi ilə əlaqələndirib və əlavə 60 ton un ayrıldığını açıqlayıb.
Hazırda ölkə miqyasında un və ya çörək qıtlığı ilə bağlı rəsmi təsdiq yoxdur.
Növbələrin neçə şəhəri əhatə etdiyi və problemin nə dərəcədə geniş yayıldığı da məlum deyil.



