Əliyev "mətbuat azadlığı düşmənləri siyahısı"nda
İlham Əliyev, Vladimir Putin, Recep Tayyip Erdoğan və Aleksandr Lukaşenkonu nə birləşdirir?
Onların hamısı Sərhədsiz Reportyorlar təşkilatının 2026-cı il üçün hazırladığı "mətbuat azadlığı yırtıcıları" siyahısına daxil edilib.
Sərhədsiz Reportyorların bu həftə yayımladığı siyahıda Trump, Əfqanıstan lideri Axundzadə də olmaqla 33 siyasi lider, qurumlar və şirkətlər yer alır.
Təşkilat onları jurnalistləri və media qurumlarını hədəfə almaqda, müstəqil səsləri susdurmaqda ittiham edir.
Sərhədsiz Reportyorlara bildirir ki, hazırda Azərbaycanda 27 media nümayəndəsi həbsdədir.
Təşkilat iddia edir ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə hökuməti tənqid edən səslər susdurulub. Müstəqil media qurumları bağlanıb və ya xaricdə işləməyə məcbur olub.
Azərbaycanda hökumət belə iddiaları hər zaman rədd edir və onları qərəzli adlandırır.
Sərhədsiz Reportyorlar isə buna nümunə kimi Toplum TV-nin beş əməkdaşına 14 ilədək həbs cəzası verilməsini göstərir.
Təşkilat Abzas Media jurnalistlərinin doqquz ilədək həbs cəzalarının qüvvədə saxlanmasını da qeyd edir.
Azərbaycan hakimiyyətinin yeni siyahıya münasibəti hələlik məlum deyil.
Hakimiyyət isə jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunması barədə ittihamları dəfələrlə rədd edib.
Rəsmilər bildiriblər ki, həbs edilən şəxslər jurnalist fəaliyyətinə görə deyil, konkret cinayət əməlləri ilə bağlı ittiham olunurlar.
Hakimiyyət ölkədə media və ifadə azadlığının təmin edildiyini də deyir.
Azərbaycan RSF-nin 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 171-ci yerdə göstərilib.



