Nepal-Tibet sərhədində sel fəlakəti: Ölənlərin sayı 330-u keçib, turistlər də daxil olmaqla 1000-dən çox insan itkin düşüb.

Şəklin mənbəyi, NAVESH CHITRAKAR / REUTERS
Nepal və Tibet arasında baş verən torpaq sürüşməsi və daşqınları nəticəsində 1000-dən çox insan itkin düşüb.
Nepal hakimiyyəti ölənlərin sayının 332-yə çatdığını açıqlayıb.
Nepal rəsmiləri bildiriblər ki, 517 turist də daxil olmaqla 900-dən çox insanın itkin düşüb.
Çin dövlət televiziyası bildirib ki, Tibetdə itkin düşənlərin sayı, 260-ı xarici vətəndaş olmaqla 558-ə çatıb.
Nepal ordusu qurudan və havadan aparılan axtarış-xilasetmə işlərinə 2 min əsgər cəlb edib.
Sərhədin Tibet tərəfində çətin coğrafi şərait və yağışa görə xilasetmə işlərinin böyük çətinliklə aparıldığı bildirilir.
Bir çox ölkə itkin düşən vətəndaşları ilə bağlı açıqlama verib.
Bu açıqlamaya görə, Hindistandan 100, ABŞ-dan 54 və Böyük Britaniyadan 33 nəfər itkindir.
Ukrayna da 53 vətəndaşının itkin düşdüyünü açıqlayıb.
APA yazıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədində baş verən daşqınlarda ölən, yaralanan və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə onlara məlumat daxil olmadığını bildirib.
Kanada hökuməti 24 vətəndaşının, Avstraliya isə ən azı 34 vətəndaşının itkin düşdüyünü açıqlayıb.
Nepaldakı itkinlər arasında 26 polis əməkdaşı və 44 hərbçi də var.

Şəklin mənbəyi, Prabin Ranabhat / AFP / Getty Images
İtkin hindlilərin əksəriyyəti Nepal-Tibet sərhədinə yaxın Himalay dağlarında yerləşən və hindu tanrısı Şivanın mənəvi evi hesab olunan Kailaş dağını ziyarət edirmiş.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus bölgəyə "əsas təcili tibbi ləvazimatların" göndərildiyini bildirib.
Nepallı rəsmilər əvvəlcə daşqınların zəlzələnin səbəb ola biləcəyi qar uçqunu nəticəsində yarandığını ehtimal edirdi.
Lakin ABŞ Geoloji Xidmətinə (USGS) görə səbəb buzlağın çökməsidir.
Nepaldan gələn və BBC-nin təsdiqlədiyi videolarda ən azı bir körpünün sel sularına qarışdığı və bir neçə yaşayış binasının dağıldığı görünür.
BBC-yə danışan yerli rəsmilərdən biri dağıntıların "təsəvvürəgəlməz səviyyədə" olduğunu deyib.
BMT-nin Baş katibi António Guterres bölgəyə göndəriləcək yardım və personalın təşkil edildiyini açıqlayıb.
Nepal alpinistlər və yürüş həvəskarları üçün məşhur ölkədir.
Hər il minlərlə buddist də ibadət etmək üçün bu ölkəyə səfər edir.

Şəklin mənbəyi, Prabin Ranabhat/ AFP / Getty Images
ABŞ Geoloji Xidməti: Səbəb buzlağın çökməsidir
ABŞ Geoloji Xidməti (USGS) əvvəlcə zəlzələ kimi qeydə alınan hadisənin əslində buzlağın çökməsi olduğunu açıqlayıb.
Qurum avqustun 26-sı çərşənbə günü hadisəni əvvəlcə Nepal və Çin sərhədi yaxınlığında baş vermiş zəlzələ kimi qeydə almışdı.
Qurumun açıqlamasında deyilir:
"Yaxınlıqdakı seysmik stansiyaların qeydə aldığı məlumatların, uzunperiodlu seysmik dalğaların və peyk görüntülərinin əlavə təhlilləri nəticəsində müəyyən edilib ki, seysmik hadisə əslində buzlağın çökməsi və dağıntı axını olub və heç bir zəlzələ baş verməyib".
Bundan əvvəl nepallı rəsmilər də BBC-yə böyük buz kütləsinin dağdan qoparaq qayaları və digər çöküntü materiallarını özü ilə sürükləmiş ola biləcəyini bildirmişdilər.
ABŞ, həmçinin bölgəyə 500 min dollar yardım göndərəcəyini açıqlayıb.
Ümumilikdə neçə nəfərin yaralandığı və xəstəxanada müalicə aldığı isə hələ dəqiq məlum deyil.
Xilasetmə əməliyyatlarının Çinlə koordinasiya şəraitində aparıldığı açıqlanıb.
Çin Prezidenti Si Cinping itkinlərin tapılması üçün bütün imkanların səfərbər edilməsini əmr edib və bölgəyə axtarış-xilasetmə qrupları göndərib.
Sel və torpaq sürüşməsi arxasında nəhəng palçıq kütləsi qoyub.

Şəklin mənbəyi, Reuters
Bölgə ilə əlaqə tamamilə kəsilib.
BBC-yə danışan, Nepalın paytaxtı Katmanduda logistika şirkəti olan çinli iş adamı Yi Liang bildirib ki, seldən zərər çəkmiş bölgələrdə yeddi yük maşını var və rabitə xətlərinin kəsilməsi səbəbindən onlardan heç biri barədə məlumat ala bilmir.
BBC-yə danışan tibetli Quan Daoşuan da avqustun 26-sı səhərdən bəri həyat yoldaşı ilə əlaqə saxlaya bilmədiyini deyib.
Quan əlavə edib ki, Nepallı rəsmilər bölgəni havadan yoxlamaq üçün helikopter göndərmək istəyiblər, lakin güclü küləklər buna imkan verməyib.
Nepal-Tibet sərhədində niyə daşqınlar baş verir?
BBC Nepali xidmətinin məlumatına görə, mütəxəssislər bildirirlər ki, coğrafi quruluş, buzlaq göllərinin yerləşməsindəki daimi dəyişikliklər və mövsümi güclü yağıntılar səbəbindən Nepal-Çin sərhədi boyunca uzanan Himalay bölgəsində belə qəfil fəlakətlər təkrarlanır.

Şəklin mənbəyi, Narendra Shrestha / EPA/Shutterstock
Tibet bölgəsində çoxlu buzlaq gölü var və Nepala doğru uzanan sıldırım yamaclarda çoxlu yaşayış məntəqələri yerləşir.
Bölgə vaxtaşırı həm buzlaq göllərinin daşması nəticəsində yaranan daşqınlardan, həm də qar uçqunlarından zərər görür.
Son daşqın fəlakətinin səbəbləri isə hələ tam aydın deyil; araşdırmalar davam edir.
























