Saxlanıldıqdan sonra halı pisləşən Robert Koçaryan xəstəxanaya aparılıb

Şəklin mənbəyi, news.am
Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs edildikdən sonra xəstəxanaya aparılıb.
Onun oğlu, "Ermənistan" fraksiyasının üzvü Levon Koçaryan jurnalistlərə deyib ki, atasının ürəyində problem var və təxminən iki həftə əvvəl ürəyindən əməliyyat olunub.
Avqustun 25-də Ermənistanın ikinci prezidenti Robert Koçaryan və böyük oğlu Sedrak Koçaryan saxlanılıb.
Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Onlarla birlikdə daha 4 nəfərin də saxlanıldığı bildirilir.
Onlar Robert Koçaryan prezident olduğu dövrdə vəzifə səlahiyyətlərindən istifadə edərək bir sıra qiymətli dövlət əmlakını bazar qiymətindən aşağı qiymətə əldə etməkdə ittiham olunur.
Robert Koçaryan və ailəsi isə bütün ittihamları rədd edir və "siyasi sifariş" sayır.
İstintaq materiallarında 56 daşınmaz əmlakdan bəhs olunur.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bu əmlakların ümumi dəyərinin 2 milyard 630 milyon dram, təxminən 12 milyon manat olduğu bildirilir.
Komitənin məlumatına görə, 2001-ci ildən 2019-cu ilə qədər keçmiş prezidentin oğlunun adına müxtəlif valyutalarda böyük məbləğlərdə pul köçürmələri edilib.
Həmçinin onun Ermənistan və xaricdə 30-dan çox daşınmaz əmlak aldığı iddia olunur.
Komitə əmlakların müsadirəsi üçün tədbirlər görüldüyünü açıqlayıb.
Avqustun 25-də Robert Koçaryanın və parlament deputatı Levon Koçaryanın evlərində axtarış aparılıb.
Koçaryan ailəsi ilə əlaqəli olduğu deyilən bir fitnes klub, bir əyləncə mərkəzi və onların rəhbərlərinin evlərində axtatışlar olub.
Robert Koçaryanın ofisi baş verənləri ikinci prezidentə və onun ailəsinə qarşı "hakimiyyətin daha bir hücumu" adlandırıb.
Bundan bir gün əvvəl, avqustun 24-də parlamentdə çıxış edən Levon Koçaryan Baş nazir Nikol Paşinyanı məhkəmə və hüquq-mühafizə orqanlarına təzyiq göstərməkdə ittiham edib.
O iddia edib ki, kimin həbs olunmalı və ya əmlakını itirməli olması ilə bağlı açıqlamalar siyasi sifariş xarakteri daşıyır.



























