İraqlı qadınlar cinsi zorakılığa qarşı necə mübarizə aparırlar?

- Müəllif, Sally Nabil
- Vəzifə, BBC News Arapça
- Məkan, Bağdat
- Çap edildi
- Oxuma vaxtı: 7 dəq
Xəbərdarlıq: Bu hekayədə cinsi zorakılıqla bağlı təfərrüatlar yer alır.
"Maşından düş!" deyə qışqıran qadın küçədə ona cinsi orqanını göstərdiyini iddia etdiyi sürücüdən hesab soruşur.
Bağdadın izdihamlı küçələrindən birində baş verənləri telefonuna çəkən qadının videosunda sürücünün qapını açmaq cəhdlərinə müqavimət göstərdiyi görünür.
Bu video və buna bənzər görüntülər iraqlı qadın hüquqları fəalı Sarah Jassimin Instagram hesabında paylaşılır. Jassim bu görüntüləri İraqda kişilər və oğlan uşaqları tərəfindən cinsi istismara və təqibə məruz qaldıqlarını bildirən qadınların adından yayımlayır.
BBC-yə danışan Jassim deyir: "Kameranız sizin silahınızdır."
"Bu, qadın təcavüzkarı məhkəməyə vermək istəsə, sübutları qeydə almaq üçün bir üsuldur. Ən azı onu cəmiyyət qarşısında utandırmağın bir yoludur".
Jassim paylaşdığı videolardan birinin məktəb yaşlı qızları narahat etməkdə ittiham olunan bir polisin saxlanılmasına səbəb olduğunu bildirir.

Şəklin mənbəyi, Instagram
Jassim deyir: "Ölüm təhdidləri aldım. Turşu hücumu ilə hədələndim" və sözlərinə belə davam edir:
"Qadınları danışmağa təşviq etdiyim üçün ictimai əxlaqı pozmağa çalışmaqda ittiham olundum. Çünki yaşadığımız cəmiyyət bizdən susmağımızı gözləyir".
Təhlükəsizlik səbəbindən artıq, demək olar ki, evdən heç çıxmadığını söyləyən Jassim vaxtının böyük hissəsini iti ilə keçirir.
Jassimin fikrincə, daha sərt hüquqi tənzimləmələrə ehtiyac var. Bunlara hələ də cinayət qanunvericiliyində yer almayan "qısnama" və "gender əsaslı zorakılıq" anlayışlarını açıq şəkildə cinayət hesab edən qanunlar da daxildir.
"Problemi həll etməyin ən yaxşı yolu əvvəlcə onun mövcudluğunu qəbul etməkdir", – deyən Jassim sözlərini belə davam etdirir:
"Bizim müdafiəyə ehtiyacımız var. Zorakılıq törədənlərə qarşı da çəkindirici tədbirlər görülməlidir".
"Səni öldürsəm, heç kimin xəbəri olmaz"
İraqda çoxsaylı qadınlar ədliyyə və hüquq-mühafizə sisteminin onları taleyin ümidinə buraxdığını deyirlər.
BBC-nin danışdığı fəalların və vəkillərin sözlərinə görə, İraqda təcavüz və ya cinsi qısnama törədən şəxsə qarşı hüquqi proses başlatmaq uzun, mürəkkəb və nəticəsi qeyri-müəyyən bir yoldur.
Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsi may ayında dərc etdiyi hesabatda İraqda qadınlara və qız uşaqlarına qarşı zorakılığın "geniş yayıldığını və əksər hallarda bildirilmədiyini" qeyd edərək daha güclü hüquqi tənzimləmələrə çağırıb.
Komitə çoxsaylı tövsiyələri arasında təcavüzkarların qurbanları ilə evləndikləri təqdirdə cəzadan yayınmalarına imkan verən "ayrı-seçkilik xarakterli" qanunların ləğvini, eləcə də cinayətkarın guya "namus qətli" törətdiyi hallarda daha yüngül cəza verilməsinə şərait yaradan müddəaların qüvvədən salınmasını tələb edib.
Əsl adının açıqlanmasını istəməyən Amal isə təxminən beş ildir məhkəmələrdə hüquqi mübarizə aparır. Amal keçmiş ərini hadisələrin baş verdiyi dövrdə 18 yaşına çatmamış qızına silah gücünə dəfələrlə təcavüz etməkdə ittiham edir.
Amal qızının başına gələnləri danışarkən onun atasının gənc qızın otağına girdiyini və silahını çarpayının üzərinə qoyduğunu söylədiyini çatdırır.
Amalın sözlərinə görə, kişi qızına belə deyib: "Səni öldürsəm, səsini heç kim eşitməz".

Cinsi istismar İraqda uzun illərdir tabu hesab edilən bir mövzudur. BBC-nin danışdığı çoxsaylı qurbanlar ailələrinin göstərə biləcəyi reaksiyadan qorxduqları üçün yaşadıqlarını gizlətməyə üstünlük verdiklərini deyirlər.
Bəziləri isə cəmiyyət tərəfindən damğalanmaqdan və ya daha çox təqibə məruz qalmaqdan qorxduqları üçün polisə müraciət etməyə çəkindiklərini bildirirlər.
Lakin Amal ədalət axtarışından vaz keçməyib və baş verənlər barədə məlumat vermək üçün dərhal polisə müraciət edib.
Amal deyir: "Qollarında çoxlu göyərmələr var idi. Çünki o, qızının əllərini bərk-bərk tuturdu. Qız nə vaxt qışqırmağa çalışırdısa, kişi əli ilə onun ağzını örtürdü".
Amal danışdıqlarını təsdiqlədiyini söylədiyi DNT nəticələrinin də yer aldığı tibbi sənədləri mənə göstərdi.
Amalın sözlərinə görə, keçmiş ərinin qəddarlığını göstərən başqa bir məqam da onun saxlanılacağı təqdirdə ailə üzvlərindən birinə "rüsvayçılığımızı təmizləyin" dediyini eşitməsi olub.
İraqda bu ifadə qadının ailənin nüfuzuna xələl gətirdiyi düşüncəsi ilə törədilən, guya "namus cinayətləri" adlandırılan qətllər üçün işlədilir.
Amal keçmiş ərinin "tibbi hesabatın üzə çıxmasının və hücumun sübut edilməsinin qarşısını almaq üçün" qızının həyatına son qoymaqla hədələdiyinə inandığını söyləyir.
Keçmiş ərinin qaçıb gizləndiyini və məhkəmə prosesinin hələ də davam etdiyini bildirən Amal yaşadıqlarını danışarkən göz yaşlarına boğulur.
"Tamamilə təkbaşına mübarizə apardım", - deyir. O, keçmiş ərinin çoxsaylı vəkillər tutduğunu, özünün isə vəkil tutmaq üçün maddi imkanının olmadığını və ailəsinin də baş verənlərə göz yumduğunu söyləyir.
Artıq məhkəmənin onun xeyrinə qərar çıxaracağına inamını itirdiyini bildirən Amal ümidsiz şəkildə deyir: "Yeganə istəyim odur ki, o məndən həmişəlik uzaq dursun".
Qətlə yetirilən fəal
Amalın qızı İraqda ailədaxili cinsi istismara məruz qalan bəzi qadınlarla müqayisədə daha şanslıdır, çünki qala biləcəyi təhlükəsiz bir yeri var.
Sağ qalanların əksəriyyətinin müstəqil gəliri yoxdur və gedə biləcəkləri heç bir yer yoxdur. İraqda zorakılığa məruz qalan qadınlar üçün sığınacaqların sayı çox azdır.
Məlum olan sığınacaqlar beynəlxalq səviyyədə tanınmış qadın hüquqları müdafiəçisi Yanar Mohammedin həmtəsisçilərindən biri olduğu təşkilat tərəfindən yaradılıb.
Lakin Mohammed ötən ilin mart ayında Bağdadda evinin qarşısında silahlı şəxslər tərəfindən öldürülüb. Hücumu törədənlər hələ də müəyyən edilməyib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası adından fəaliyyət göstərən ekspertlər aprel ayında dərc etdikləri qiymətləndirmədə Mohammedin illərdir ölüm təhdidlərinə və onlayn təqiblərə məruz qaldığını, bunların "ekstremist dini silahlı qruplaşmalardan qaynaqlandığının ehtimal edildiyini" bildiriblər.

Şəklin mənbəyi, Hanaa Edwar
Fəallar son illərdə həmkarlarına qarşı məqsədli hücumların artdığını tez-tez vurğulayırlar.
Tanınmış qadın hüquqları müdafiəçilərindən Hanaa Edwar Yanar Mohammedlə onun öldürülməsindən cəmi iki gün əvvəl görüşdüyünü söyləyir. O özünün də təhdidlərə məruz qaldığını bildirir.
Edwar deyir: "İraqda qadınlar üçün nə qanun var, nə müdafiə, nə də ədalət".
İraq İnsan Haqları Müşahidə Təşkilatının rəhbəri Mustafa Sadun BBC-yə bildirib ki, məsələ qadınların susması deyil. Onun sözlərinə görə, problem qadınlar danışanda onları eşitməli olan sistemin buna hazır olmamasıdır.
"Qadın cinsi zorakılıq barədə şikayət etmək istəyəndə əvvəlcə ailəsinin, sonra polis bölməsinin, daha sonra isə məhkəmənin maneələrini aşmalı olur. Bu qapıların hər birində isə kimsə böyük ehtimalla ona məsələni sakitcə ört-basdır etməyi məsləhət görür".
"Maşınla təqib edildim"
Sistemin onları məyus etdiyini deyən iraqlı qadınlar arasında Samira (ad dəyişdirilib) də var.
O, BBC-yə verdiyi müsahibədə təkrar-təkrar qısnamaya məruz qaldıqdan sonra hətta küçədə yeriyərkən belə özünü gərgin hiss etdiyini bildirib.
Bir dəfə bir kişinin ictimai nəqliyyat vasitəsində telefonunun ekranını ona tərəf çevirərək həmin an izlədiyi pornoqrafik filmi göstərdiyini söyləyib.

Bağdadda baş verən başqa bir hadisədə isə bir kişinin onu avtomobili ilə 10 dəqiqədən çox təqib etdiyini söyləyir.
"Çox üzücü idi... Polis maşını gördüm. Onların yanına gedib baş verənləri danışdım. Onlar isə heç nə etmək səlahiyyətlərinin olmadığını dedilər".
Anası mehriban və dəstəkverici olsa da, Samira cinsi qısnama ilə bağlı heç bir hadisəni onunla bölüşmür.
"Ailəmə danışsam, təhlükəsizliyimi qorumaq üçün dərhal evdən çıxmamağımı söyləyərlər", – deyir.
Dövlət qurumlarına olan inamını itirdiyini bildirən qadın sözlərinə belə davam edir: "Bir çox kişi, o cümlədən polis əməkdaşları cinsi qısnamada heç bir qəbahət görmür. Onlar belə düşünürlər ki, əgər qısnama törətmirsinizsə, kişi deyilsiniz."
İraqda söhbət etdiyim bir çox qadın polisin onlara qarşı cinsi qısnama törətdiyini iddia etdi. Bu ittihamları İraq Daxili İşlər Nazirliyinin sözçüsü Miqdad Miriyə çatdırdım.
Miri deyir: "Polis əməkdaşlarının qarışdığı qısnama halları baş verir, lakin onların sayı çox azdır. Belə hallarda çox ağır cəzalar verilir, həmin şəxslər 10 ilədək həbs cəzasına məhkum olunur və vəzifələrindən kənarlaşdırılırlar".

Ona dedim ki, bəzi qadınlar təqib və ya seksual qısnama halları barədə polisə müraciət etməyə qorxduqları üçün bu hadisələri sosial şəbəkələrdə paylaşırlar.
O isə cavabında bildirib ki, insanlar bunu rəsmi şikayət verməkdən daha asan hesab etdikləri və ictimai diqqət çəkməyin geniş yayılmış üsullarından birinə çevrildiyi üçün edirlər.
Ona həmçinin Samiranın başına gələnləri danışdım. Samira bildirmişdi ki, bir vəzifəli şəxs ona bu cür qısnamanın qarşısını almaq səlahiyyətinin olmadığını deyib. Miri isə cavabında bildirib ki, Samira həmin vəzifəli şəxsdən də şikayət edə bilərdi.
İraqda seksual zorakılıq və ya qısnama halları ilə bağlı etibarlı statistika yoxdur. Miri mənə bildirib ki, polis ilin əvvəlindən bəri təxminən 300 seksual zorakılıq şikayəti qəbul edib.
Bununla belə, o, real rəqəmin daha yüksək olduğunu etiraf edir: "Cəmiyyətdə hökm sürən ənənələr və stereotiplər səbəbindən bir çox hal ümumiyyətlə polisə çatmır".
BBC-nin söhbət etdiyi qadınların hekayələri göstərir ki, onlar təkcə seksual zorakılığa qarşı deyil, həm də bu zorakılığın davam etməsinə şərait yaradan köklü düşüncə tərzinə və ictimai inanclara qarşı mübarizə aparırlar.
Edwar artıq 50 ildən çoxdur ki, qadın hüquqları uğrunda fəaliyyət göstərir və vəziyyətlə bağlı qiymətləndirməsi nikbin deyil: "Səddam Hüseyn rejiminin devrilməsindən 23 il keçib, amma qadın hüquqları məsələsində geriyə gedirmişik kimi görünür".
Ancaq həm Sarah, həm də Jassim geri çəkilmək niyyətində olmadıqlarını deyirlər. Sarahın sözləri ilə desək, "Əgər hamımız qorxsaq, heç kim heç nəyi dəyişə bilməz."
Salma Khattab yazının hazırlanmasına töhfə verib.
Cinsi istismar və zorakılıqla bağlı problemlərdən təsirlənmisinizsə, bir tibb mütəxəssisi və ya dəstək göstərən təşkilatla əlaqə saxlaya bilərsiniz.























