"Hardasan? Enerji yığıram": Elektron nəzarət qolbağı ilə cəzasını çəkən iranlı qadınların hekayəsi

- Müəllif, Faren Tağızadə
- Vəzifə, BBC Farsca
- Çap edildi
- Oxuma vaxtı: 7 dəq
20 yaşlı bu gənc qadın deyir ki, onun dünyası bir kilometrlik radiusa qədər kiçilib. Bəzən qarşı binaya, bəzən də bir neçə küçə uzağa gedə bilir. Amma daha irəli yox. Müəyyən edilmiş zonanın görünməz sərhədi harada bitirsə, onun dünyası da orada başa çatır.
Amma onun mobil telefonu sərhəd tanımır.
O, saatlarla sosial şəbəkələrdə vaxt keçirir, insanlarla danışır. Həmin insanların bəziləri də onun kimi evdə elektron nəzarət qolbağı altında cəzalarını çəkən gənclərdir.
Şəxsiyyətini qorumaq üçün adı dəyişdirilən Şima 2026-cı il yanvarın 8 və 9-da keçirilən etiraz aksiyaları ilə əlaqədar həbs olunub.
O, artıq aylardır elektron nəzarət qolbağı ilə yaşayır. Deyir ki, bu cihaz təkcə hərəkət azadlığını məhdudlaşdırmayıb, gündəlik həyatının formasını da dəyişib.
Onun sözlərinə görə, icazə alıb müəyyən edilmiş ərazidən çıxa bildiyi günlər bayram kimi keçir.
"Çölə çıxmağa icazə verilən günlərdə hər saniyə önəmlidir. O xətti keçə bildiyim zaman qəribə hiss keçirirəm. Sərhədi aşdığın anda sanki bədənimin hər hüceyrəsi sevinir. Həyatımız film kimidir, fərq ondadır ki, bu realdır".
Bir neçə ay əvvəl anonim şəkildə idarə etdiyi sosial media hesabında yazmışdı:
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"İstəyirəm səyahət edim. Arzu edirəm ki, bu tezliklə bitsin və səfərə çıxım. Buna həqiqətən ehtiyacım var".
Adi bir arzu. Ancaq artıq əlçatmaz görünən bir arzu.
Daha sonra əlavə etmişdi:
"Bəlkə də tezliklə azad olacağam".
Elektron qolbaqdan azad.
Lakin məqalə dərc olunarkən o, hələ də qolbağı taxırdı.
2026-cı il yanvarın 8 və 9-da baş verən etirazlardan sonra həbs dalğası yaşandı və insan hüquqları təşkilatları çoxsaylı saxlanılan şəxslərə həbs cəzaları verildiyini bildirdi. Sonrakı aylarda sosial şəbəkələrdə yayılan foto və paylaşımlar göstərirdi ki, məhkum olunanların bir qismi cəzalarını həbsxanada deyil, elektron nəzarət qolbağı ilə evdə çəkirlər.
İran hakimiyyəti adətən etiraz aksiyalarında iştirak etdiyinə görə insanların həbs olunduğunu inkar edir və bildirir ki, həbslər şəxslərə və ya ictimai əmlaka ziyan vurulması kimi əməllərlə bağlıdır.
Sosial mediadakı fəaliyyətə görə edilən həbslər zamanı isə "dövlət əleyhinə təbliğat aparmaq" və "ictimai rəyi çaşdırmaq" kimi ittihamlar da irəli sürülüb.
Elektron nəzarət altında cəza çəkmək təkcə qadınlara aid olmasa da, bu reportajda yanvar etirazları və ya sosial media fəaliyyəti ilə əlaqədar həbsxanaya göndərilmək əvəzinə elektron nəzarətə alınmış qadınlardan bəhs edilir.
Təhlükəsizlik səbəbindən reportaj boyu təxəllüslərdən istifadə olunub.

Şəklin mənbəyi, Faren Taghizadeh
Sərhədlər və elektrik rozetkaları arasında həyat
Bu qadınların qarşılaşdığı məhdudiyyətlər təkcə hərəkət azadlığı ilə bağlı deyil.
Elektron qolbaqla yaşamaq onlar üçün daim batareyanın doluluğunu düşünmək deməkdir.
Şima evdən çıxanda geri dönüşünü diqqətlə planlaşdırmalı olur ki, qolbağı şarj etmək imkanını qaçırmasın. Onu hər yerdə elektrikə qoşmaq olmur. Ətrafındakı insanların çoxu vəziyyətindən xəbərsizdir və o bunun bilinməsini istəmir.
Elektron nəzarət altında yaşayan bəzi insanların dediyinə görə, müəyyən bir ifadə onların arasında ortaq zarafata çevrilib.
"Haradasan?" sualına bəzən zarafatla belə cavab verirlər:
"Elektrikə qoşulmuşam".
Bu qısa cavab hətta elektron nəzarət altında cəza çəkənlərin bəzi Instagram hesablarında məşhur ifadəyə çevrilib.
Bu vəziyyət "Gilarə" adlandırdığımız digər məhkuma yaxşı tanışdır. Cəzasının icraya yönləndirilməsini aylarla gözlədikdən sonra nəhayət onu elektron nəzarət altında çəkməyə başlayıb.
"Qolbaq hər 12 saatdan bir təxminən saat yarım elektrik enerjisi yığmalıdır. Elektrikə qoşulanda faktiki olaraq heç nə edə bilmirəm. Bir yerdə oturub gözləməli oluram".
Onun sözlərinə görə, enerji doldurma vaxtı bəzən gecənin ortasına düşür.
"Bəzi gecələr qolbağı enerjiylə doldurmaq üçün zəngli saat qurub oyanıram. İlk gecələrdə yata bilmirdim. Elə hiss edirdim ki, kimsə topuğumu möhkəm sıxır".
Məhdudiyyətlər bununla da bitmir. Gilarə deyir ki, elektron qolbağı almaq üçün depozit ödəyib və istifadəsinə görə hər ay əlavə ödəniş edir. Onun sözlərinə görə, cihaz zədələnərsə, məsuliyyət də öz üzərinə düşür.

Şəklin mənbəyi, Faren Taghizadeh
"Deyirəm ki, sən icazə verilən zonadan çıxmısan. "Yox" demə"
Gilarə deyir ki, batareyanın bitməsi ilə bağlı narahatlıq elektron nəzarət qolbağının yaratdığı psixoloji təzyiqin yalnız bir hissəsidir.
O, evdən çıxmadığı halda, müəyyən edilmiş zonanı tərk etdiyi barədə xəbərdarlıq zəngi aldığını xatırlayır.
"Dedim ki, evdəyəm, heç yerə getməmişəm. Amma telefondakı adam durmadan təkrarlayırdı: "Deyirəm ki, zonadan çıxmısan. Mənə demə ki, çıxmamısan".
Hələ də xəbərdarlığın niyə göndərildiyini bilmir. Onun ehtimalına görə, bu, açıq havada gəzməklə bağlı bildirişə cavab verməməsi ilə əlaqəli ola bilər.
Geniş yayılmış təsəvvürün əksinə olaraq, elektron qolbaqla yaşamaq sadəcə evdə qalmaq demək deyil.
Gilarənin sözlərinə görə, elektron nəzarət altında olan şəxslərə bəzən mesaj vasitəsilə müəyyən saatda çöldə olmaları barədə məlumat verilir.
"Problem ondadır ki, bildirişlər həmişə gəlib çatmır. Hətta mesaj göndərildiyini belə anlamaya bilərsən".
Onun sözlərinə görə, belə xəbərdarlıqlar veriləndə vəziyyəti izah etmək və ya məsələyə dərhal yenidən baxılmasını istəmək üçün çox az imkan olur.
O əlavə edir ki, bu cür müraciətlərin əksəriyyəti sonda işə baxan hakimin qərarından asılı olur.

Şəklin mənbəyi, Faren Taghizadeh
Heç kimin görməməli olduğunu düşündüyün bir şey
Gilarə üçün çölə çıxmaq təkcə məsafə və sərhəd məsələsi deyil.
O, qolbaq taxdığı ilk günləri belə xatırlayır:
"Əvvəllər çox pis vəziyyətdə idim. Həmişə ağlayırdım. Amma yemək bişirməklə və dizayn işi ilə özümü yaxşı hiss etməyə çalışdım. Həqiqətən də kömək etdi".
O deyir ki, ətrafındakı az sayda insan qolbaqdan xəbərdardır və bu məxfilik əlavə yük yaradır.
"Onu taxdığım halda görünmək mənə çətin gəlir".
Bəzən insanlar cihazı görməsin deyə gündəlik rejimini dəyişir. Artıq dərslərə əyani getmir, onlayn kurslar seçir. Bu seçim evdə qalmağı sevdiyi üçün deyil: qolbağı enerjiylə doldurmaq üçün müəyyən saatlarda evdə olmağa məcburdur.
Qolbaq taxan bəzi insanlar üçün bu cihaz sadəcə nəzarət vasitəsi deyil. Hara getsələr, onları izləyən hökmün daimi xatırladıcısıdır.
Hətta duş qəbul etmək belə praktik problemə çevrilə bilər. Qolbaq taxan bəzi qadınlar deyirlər ki, çimərkən cihazın islanmamasına çalışmaları tövsiyə olunub.
Bəziləri duşa girməzdən əvvəl onun üzərinə plastik torba keçirdiyini bildirir. Bununla belə, bütün təcrübələr eyni deyil.
Digərləri isə qolbaqların suya davamlı olduğunu deyirlər.

Şəklin mənbəyi, Faren Taghizadeh
Bir-birini tapmaq
"Sən də siyasətlə məşğulsan?" - artıq elektron qolbaq taxan insanların paylaşdığı şəkillərin altında görünən suallardan biridir.
Şima deyir ki, sosial şəbəkədə qolbağının şəklini paylaşmazdan əvvəl öz vəziyyətində olan insanların çox az olduğunu düşünürdü. Gələn reaksiyalar onu təəccübləndirib.
Şəkillərindən birinin altında onlarla insan öz elektron qolbaqlarının fotolarını paylaşıb. Bəziləri təcrübələrindən yazıb. Bəziləri cəzasının bitməsinə qalan günləri sayıb. Hələ hökmünün icrası gözlənilən digər şəxslər isə elektron qolbaq əldə etmək və həbsxanadan yayınmaq barədə suallar veriblər.
Tədricən kiçik bir onlayn icma formalaşıb. Bəlkə də heç vaxt üz-üzə görüşməyən, amma ortaq təcrübə ilə bir-birinə bağlanan insanlar qrupu.
Bu məkanda istifadəçilər məhdudiyyətləri müzakirə edir, qolbaqları enerjiylə doldurmağın çətinliklərindən yazır, təcrübələrini müqayisə edir və bəzən sadəcə bir-birinə mənəvi dəstək verməyə çalışırlar.
İnsanlar şəkillərin altında şərhlər də yazırlar. İstifadəçilərdən biri belə qeyd edib:
"Dostum, bütün bacılarımız qolbağını elektrik enerjisiylə doldurur".
Noyabrın ortalarında Şima elektron qolbağının ləğv edildiyini və həbsxanaya qayıtmalı olacağını açıqlayıb. Dostlarına ünvanladığı mesajda yazıb:
"Biz qəfəs üçün yaradılmamışıq. Özünüzə yaxşı baxın. Sağ olun".

Şəklin mənbəyi, Faren Taghizadeh
"Düşünürdüm ki, saat boyda olacaq"
Təxəllüslə danışan başqa bir gənc qadın Maral əvvəlcə cəzasının bir hissəsini həbsxanada çəkib, daha sonra onu elektron nəzarət altında davam etdirməsinə icazə verilib.
O deyir ki, elektron qolbağı ilk dəfə görməzdən əvvəl tamamilə başqa cür təsəvvür edirdi.
"Elə bilirdim saat boyda olacaq. Sonra gördüm ki, topuğa bağlanan böyük bir "powerbank" kimidir".
Qolbağı aldıqdan sonra Maral sosial şəbəkədə paylaşdığı hekayələrdən birində yazıb:
"Topuğuma elə bir şey bağlanıb ki, hər gün mənə həyatın həmişə planlaşdırdığımız kimi getmədiyini xatırladır".
Onun sözlərinə görə, bütün məhdudiyyətlərinə baxmayaraq, elektron qolbaq həbsxanadan daha üstün seçimdir.
"Elektron qolbaq azadlıq deyil. Amma həbsxana görmüsənsə, aradakı fərqi anlayırsan".
Maralın sözlərinə görə, o, 2026-cı ilin yanvar etirazları ilə əlaqədar həbs olunmuş və hazırda cəzalarını elektron nəzarət altında çəkən çoxlu sayda gənc qadın və kişi tanıyır.

Şəklin mənbəyi, Faren Taghizadeh
Gözləmə içində həyat
Son illərdə İranda elektron nəzarət vasitələrinin tətbiqi artıb. Məhkəmə hakimiyyətinin rəsmi statistikasına görə, 2026-cı ildə 30 mindən çox məhkum cəzasını həbsxanadan kənarda, elektron nəzarət altında çəkmək imkanından istifadə edib.
Hazırda elektron qolbaq taxan şəxslərin bir qismi bu imkandan həbsxanaya daxil olmamışdan əvvəl yararlanmaq üçün müraciət edib.
Bununla belə, 2026-cı ilin yanvar etirazları zamanı saxlanılan və hazırda cəzalarını elektron qolbaqla çəkən şəxslərin sayı barədə konkret statistika açıqlanmayıb.
Bu insanlar üçün həbsxanadan kənardakı həyat da məhdudiyyətlərlə davam edir. Onların hekayələrində gündəlik məhdudiyyətlər cəzalarının hələ başa çatmadığını daim xatırladır.
Şima hələ də qara cihazın ayağından çıxarılacağı və məhdudiyyətsiz səyahət edə biləcəyi günü gözləyir.
Amma həmin gün gələnədək dostlarının mesajlarına verdiyi cavab dəyişməyib.
Onlar soruşanda:
"Haradasan?"
Cavab çox vaxt eyni olur:
"Enerji yığıram".




























