"Robert Koçaryan işi": oğlu 2 aylıq həbs olunub

Çap edildi
Oxuma vaxtı: 2 dəq

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryan iki ay müddətinə həbs olunub. Bu barədə jurnalistlərə vəkil Aleksandr Koçubayev məlumat verib.

Məhkəmə, həmçinin Koçaryanın həyat yoldaşı və uşaqları istisna olmaqla, görüş huqularının məhdudlaşdırılmasına qərar verib.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan və oğlu avqustun 25-də saxlanılıblar.

Onlara çirkli pulların yuyulması və rüşvətxorluq ittihamı irəli sürülüb.

"Hakim hələ müdafiə tərəfinə qərarın mətnini təqdim etməsə də, artıq aydındır ki, biz qanunsuz təqiblə üzləşmişik. Hər halda, təqdim olunan işlərin müddətləri artıq başa çatıb və bəzi ifadələr sadəcə uydurmadır", - vəkil deyib.

Korrupsiyaya qarşı Mübarizə Komitəsi hesab edir ki, araşdırılan işlər üzrə sövdələşmələr qeyri-qanuni yolla həyata keçirilib, Koçaryan isə vəzifəli şəxslərə səlahiyyətlərindən sui-istifadə şəraiti yaradıb.

Ermənistanın "ikinci prezidentinin işi" çərçivəsində 6 nəfər həbs edilib.

Vəzifə səlahiyyətlərindən sui-istifadə ittiham olunanlar arasında üçüncü prezident Serj Sarkisyan da var.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsində Robert Koçaryanın vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib. Onun barəsində hələlik həbs qərarının olmadığı bildirilir.

Robert Koçaryan nədə ittiham olunur?

Koçaryanın oğlu, "Ermənistan" fraksiyasının üzvü Levon Koçaryan jurnalistlərə deyib ki, atasının ürəyində problem var və təxminən iki həftə əvvəl ürəyindən əməliyyat olunub.

Korrupsiyaya qarşı Mübarizə Komitəsi hesab edir ki, Robert Koçaryan prezident olduğu dövrdə vəzifə səlahiyyətlərindən istifadə edərək bir sıra qiymətli dövlət əmlakını bazar qiymətindən aşağı qiymətə əldə etməkdə ittiham olunur.

Robert Koçaryan və ailəsi isə bütün ittihamları rədd edir və "siyasi sifariş" sayır.

İstintaq materiallarında 56 daşınmaz əmlakdan bəhs olunur.

Bu əmlakların ümumi dəyərinin 2 milyard 630 milyon dram, təxminən 12 milyon manat olduğu bildirilir.

Komitənin məlumatına görə, 2001-ci ildən 2019-cu ilə qədər keçmiş prezidentin oğlunun adına müxtəlif valyutalarda böyük məbləğlərdə pul köçürmələri edilib.

Həmçinin onun Ermənistan və xaricdə 30-dan çox daşınmaz əmlak aldığı iddia olunur.

Komitə əmlakların müsadirəsi üçün tədbirlər görüldüyünü açıqlayıb.

Avqustun 25-də Robert Koçaryanın və parlament deputatı Levon Koçaryanın evlərində axtarış aparılıb.

Koçaryan ailəsi ilə əlaqəli olduğu deyilən bir fitnes klub, bir əyləncə mərkəzi və onların rəhbərlərinin evlərində axtatışlar olub.

Robert Koçaryanın ofisi baş verənləri ikinci prezidentə və onun ailəsinə qarşı "hakimiyyətin daha bir hücumu" adlandırıb.

Bundan bir gün əvvəl, avqustun 24-də parlamentdə çıxış edən Levon Koçaryan Baş nazir Nikol Paşinyanı məhkəmə və hüquq-mühafizə orqanlarına təzyiq göstərməkdə ittiham edib.

O iddia edib ki, kimin həbs olunmalı və ya əmlakını itirməli olması ilə bağlı açıqlamalar siyasi sifariş xarakteri daşıyır.