Azərbaycanda müəllimlərin geyiminə də yeni tələblər gəldi

Videonun alt yazısı, Azərbaycanda müəllimlərin geyiminə də yeni tələblər gəldi
Azərbaycanda müəllimlərin geyiminə də yeni tələblər gəldi
Çap edildi

Azərbaycan məktəblərində müəllimələr dizdən və ya aşağıdan yubka geyməlidir, həmçinin kişi müəllimlərin ayaqqabıları klassik olmalıdır.

Bununla bağlı Azərbaycan hökuməti yeni tələbləri təsdiqləyib.

Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalarda müəllimlər üçün ənənəvi geyim forması müəyyən edilib.

Qadın müəllimlər üçün ətək və donların uzunluğunun diz xəttində və ya dizdən aşağı olması nəzərdə tutulur.

Qərara əsasən, həm qadın, həm də kişi müəllimlər klassik ayaqqabı geyinməlidirlər.

Yeni qaydaların icrasına nəzarəti məktəb rəhbərliyi həyata keçirəcək.

Qərarda həm də deyilir ki, müəllimlərin geyimi və istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.

Qərarı verən Nazirlər Kabineti, həm də qərarı tətbiq etməli olan Təhsil Nazirliyi "təhsilin dünyəvilik prinsipinin" nə olduğunu şərh etməyib.

Bu qaydalar məktəblərdə şagirdlərin geyimilə bağlı qərardan sonra açıqlanıb.

Nazirlər Kabineti sentyabr ayında şagirdlərin geyimi ilə bağlı da yeni qaydalar təsdiqləmişdi.

Həmin sənəddə məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmədiyi qeyd olunur.

Sənəddə hicab və ya hər hansı dini geyimin adı çəkilməsə də, bu qərarı Azərbaycanda və Türkiyədə bəziləri baş "örtüsü qadağası" və "dini azadlığın pozulması" kimi şərh edib.