"Döymə taxta qapımı, döyərəm dəmir qapını" - İsrail mübahisəsi Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir edir?

İlham Əliyev Erdoğan
Şəklin alt yazısı, İlham Əliyev, Recep Tayyip Erdoğan
    • Müəllif, Könül Xəlilova
    • Vəzifə, BBC Azərbaycanca
  • Çap edildi
  • Oxuma vaxtı: 7 dəq

"Əziz qardaşım" - Prezident İlham Əliyev və Türkiyə lideri Recep Tayyip Erdoğan adətən bir-birinə belə müraciət edirlər. Azərbaycan və Türkiyədə "bir millət, iki dövlət" təkcə emosional yaxınlıq ifadəsi kimi deyil, həm də strateji tərəfdaşlığın nümayişi olaraq işlədilir.

Ancaq son illərdə həm Türkiyə, həm də Azərbaycan mediasında fərqli bir mənzərə görünür. İsrail və Fələstin məsələsi ilə bağlı iki ölkənin yüksək tribunalarında verilən bəyanatların tonu xeyli fərqlidir.

Məsələn, Erdoğan Netanyahunu Adolf Hitlerə bənzədib, ona "Qəzzanın qəssabı", "qanla qidalanan vampir" deyib, "qan və nifrətlə kor olduğunu" söyləyib. Rəsmi Bakı tribunalarında belə sözlər eşitməzsən, əksinə İsraillə münasibətlər təriflənir, onların kökünün dərin olduğu söylənilir, üstəlik Netanyahu da Azərbaycan rəhbərliyi haqqında Trumpa "onlar yaxşı insanlardır" deyir.

Türkiyədə Azərbaycanın İsraillə münasibətlərini tənqid edən səslər artır. Azərbaycanda isə bu, acıqla qarşılanır.

"Bizim işlərimizə burnunuzu soxmayın" - Prezident İlham Əliyev YAP qurultayında çıxışı zamanı verdiyi bu bəyanatda heç bir ölkənin adını çəkməsə də, təhlilçilər hədəfdə Türkiyənin olduğunu dedilər.

Bu qarşılıqlı narazılığın biri Azərbaycanda hökumətə yaxın APA TV-nin yayımladığı 15 dəqiqəlik "araşdırma" reportajda əks olunurdu.

Netanyahunun çıxışı və Azərbaycan nümayəndəsi

Azərbaycan nümayəndə heyəti İsrail Netanyahu
Şəklin alt yazısı, Hər şey 2026-cı il sentyabrın 24-də İsrail lideri Benyamin Netanyahunun BMT-də çıxışı zamanı zalı tərk etməyənlərdən biriylə - Məqsəd Hüseynovla başladı.

Hər şey 2026-cı il sentyabrın 24-də İsrail lideri Benyamin Netanyahunun BMT-də çıxışı zamanı zalı tərk etməyənlərdən biriylə başladı.

Bu, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin 1-ci katibi Məqsəd Hüseynov idi. Çox güman ki o, qərarı özbaşına verməmişdi, zalda qalmaq qərarı ölkəsinin xarici siyasətini təmsil edirdi.

Bu məsələ dünyanın bir çox mediasında işıqlandırıldı. Ancaq Azərbaycana ən çox təsir edəni Türkiyədəki reaksiyalar idi - Azərbaycanı müsəlman dünyasına xəyanətdə ittiham edən kim, İlham Əliyevi "İsrail dostu" adlandıran kim.

İki millət, iki dövlət

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Azərbaycan və Türkiyə münasibətləri İkinci Qarabağ müharibəsindən sonra daha da yaxınlaşmışdı. Türk ordusunun Azərbaycan ordusuna yardımları və dəstəyi birbaşa cənab Əliyevin özü tərəfindən vurğulanmışdı.

"Yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi. Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi", - bunu Prezident Əliyev 2020-ci ildə A Haber kanalına müsahibəsində demişdi.

"Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqaları qarışa bilərdi. Türkiyənin bu mesajları hər kəsə "dur" dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır", - deyə cənab Əlyev həmin müsahibədə bildirmişdi.

Ancaq keçən həftə Prezident Əliyev dedi ki, Azərbaycana heç kimin himayəsi lazım deyil və ölkəsi bütün silahları, "son gülləyə qədər" öz gücü ilə alıb. Bu bəyanat həm də Azərbaycan və Türkiyə arasında yeni, yarım milyard dollarlıq silah razılaşması imzalanandan bir gün sonra verilirdi.

Prezident İlham Əliyev həmin çıxışında, həmçinin belə dedi: "Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil".

Bundan əvvəl isə hər iki ölkə rəsmiləri yüksək səviyyədə xarici siyasətdə "koordinasiya", "sinxronizasiya" barədə danışardılar.

Hətta 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsində qeyd olunur ki, "tərəflər xarici siyasət sahəsində koordinasiyanın və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini bildirirlər".

Hər şeyin sakit göründüyü günlərin birində, 2024-cü ildə Türkiyə xarici işlər naziri Hakan Fidan demişdi: "İki dövlət artıq bir çox məsələlərdə bir dövlət kimi işləyir; xüsusilə həssas qurumlarımız bir-birinə çox yaxın məsafədədir. İnanılmaz dərəcədə güclü koordinasiya var".

İlham Əliyevin özü 2025-ci ilin yanvarında belə demişdi:

"Türkiyənin marağında nə varsa, bizim də marağımızdadır. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir".

Və keçən ilin avqustunda Türkiyə XİN rəhbəri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla əlaqə intensivliyini belə təsvir edib: "Demək olar ki, hər səhər bizim Ceyhun bəyin telefonuyla mütləq bir danışığımız olur".

BMT-də Netanyahunun çıxış etdiyi gün səhər iki nazir bir-birilə danışıbmı, məlum deyil. Amma zalı tərk etmək qərarı verən Türkiyə nümayəndələriylə, qalmağa qərar verən Azərbaycan nümayəndəsinin addımları göstərdi ki, bu dəfə Azərbaycan və Türkiyə xarici siyasətlərini "iki dövlət" olaraq həyata keçiriblər.

Bakının mesajı nədir?

APA TV-nin yaydığı videodan bir görüntü.
Şəklin alt yazısı, APA TV-nin yaydığı videodan bir görüntü.

Qayıdaq Azərbaycanın hökumətyönlü APA TV-sinin tədqiqat reportajına. Təxminən 15 dəqiqəlik reportaj formal olaraq, Türkiyə ilə İsrail arasında dəniz daşımalarından bəhs etsə də, onun siyasi mesajı sanki Ankaraya idi.

Material Türkiyədə Azərbaycanın İsraillə əlaqələrinə görə səslənən tənqidlərlə başlayırdı. Daha sonra izləyicinin diqqəti Türkiyə limanlarından İsrail istiqamətində hərəkət edən gəmilərə yönəldilirdi.

APA TV açıq mənbələrə, AIS gəmi izləmə sistemlərinə və müxtəlif dəniz nəqliyyatı bazalarına istinad edərək Türkiyə ilə əlaqəli bəzi xarici bayraqlı gəmilərin İsrail limanlarında müşahidə edildiyini göstərməyə çalışırdı.

Reportajın əsas sualı belə idi: əgər Türkiyənin öz limanlarından və ya Türkiyə ilə əlaqəli kommersiya strukturları vasitəsilə İsraillə müəyyən iqtisadi əlaqələr davam edirsə, Azərbaycanın İsraillə münasibətlərinə görə tənqid olunması nə dərəcədə əsaslıdır?

Azərbaycan Siyasət İsrail Türkiyə
Şəklin alt yazısı, Bu qarşılıqlı narazılığın biri Azərbaycanda hökumətə yaxın APA TV-nin yayımladığı 15 dəqiqəlik "araşdırma" reportajda əks olunurdu.

Bu reportajdan belə mesaj hiss olunurdu:

"Azərbaycanı İsraillə əlaqələrinə görə ittiham etməyin. Əvvəl öz əlaqələrinizə baxın".

Və bu reportaj Azərbaycan dilindəki məşhur bir məsəli xatırladır - "döymə taxta qapımı, döyərəm dəmir qapını". Yəni, "bir halda ki, Türkiyə mediasında Azərbaycan tənqid olunur, bu da Azərbaycanın hökumətə yaxın mediasından gəlsin".

Bu sürpriz yazıdan sonra daha bir qəribə məqam reportajın taleyi oldu. BBC Azərbaycanca material yayımlandıqdan bir neçə saat sonra onun APA TV-nin platformalarından çıxarıldığını müşahidə edib.

APA bunun səbəbi barədə hər hansı açıqlama verməyib.

Məlum deyil ki, Türkiyə rəsmilərinə mesaj kimi görülən bu reportaj məhz sonradan silinmək üçün hazırlanmış, yoxsa vaxtından əvvəl yayımlanmışdı.

Türkiyədə narahatlıq haradan qaynaqlanır?

Azərbaycan Türkiyə münasibətləri siyasət Ərdoğan İlham
Şəklin alt yazısı, Hülya Şekerci adlı türkiyəli qadın Türkiyədəki Azərbaycan konsulluğunun qarşısında Azərbaycanda "məktəbdə hicab qadağası"na etiraz edir.

Türkiyədə Azərbaycanın İsraillə münasibətləri ətrafında müzakirələr yeni deyil.

Azərbaycan uzun illərdir İsrailin mühüm enerji tərəfdaşlarından biridir. Bundan əlavə, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq mövcuddur. Və İsrail uzun illərdir Azərbaycanın əsas silah təchizatçılarından biri hesab olunur.

Qəzzadakı müharibədən sonra Türkiyə cəmiyyətində Fələstinlə həmrəylik hissi daha da güclənib. Belə bir zamanda Azərbaycanın İsraillə yaxın münasibətləri daha çox diqqət çəkməyə başlayıb.

Azərbaycan tərəfi isə bu tənqidləri qəbul etmir.

Azərbaycan Fələstin dövlətçiliyini və iki dövlətli həll modelini dəstəklədiyini dəfələrlə bəyan edib. Prezident İlham Əliyev 2026-cı ilin iyulunda Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirib.

İsraillə münasibətlərə gəlincə isə, 2025-ci ilin mayında Türkiyə-Azərbaycan Media Forumunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev İsraillə münasibətləri müdafiə edərək bildirib ki, Azərbaycan işğal illərində İsraildən diplomatik dəstək görüb, yəhudi lobbisi isə ABŞ-da erməni lobbisinə qarşı Bakıya yardım edib.

Azərbaycan Hicab məktəb
Şəklin alt yazısı, Məktəbin qapısından geri qaytarıldığı iddia olunan hicablı məktəblilər

Bu, həqiqətən münasibətlərdə soyuqlaşmadır?

Hələlik buna birmənalı cavab vermək çətindir.

Ancaq görünən odur ki, hər iki ölkənin mediasında bir-birinə tənqidlər var.

Bu tənqidlər Türkiyə mediasında Azərbaycan məktəblərində şagird və müəllimlərin geyimlərinin dünyəvilik prinsiplərinə əsaslanması qaydaları açıqlanandan sonra daha da artıb.

Azərbaycan məktəblərində hicab qadağası kimi görülən bu qaydaların tətbiqindən sonra bəzi yerlərdə başıbağlı qız uşaqlarının məktəbə buraxılmadığı iddiaları səslənib.

Ancaq dövlətlərarası münasibətlərdə ciddi dəyişiklik görünmür. Hələ ki, iki ölkənin yüksək rütbəli rəsmilərindən soyuqlaşmaya dair iddialara cavab verilməyib.

Ancaq Türkiyə hakimiyyətindən iki ölkə arasındakı münasibətlərin möhkəm olduğu barədə mesajlar verilib.

AKP-nin sözçüsü Ömər Çelik bildirib ki, bəzi ölkələr və sosial media dairələri Ankara ilə Bakı arasında fikir ayrılığı yaratmağa çalışır. "Türkiyə ilə Azərbaycan arasına girməyə çalışan bəzi ölkələr var. Buna əsla imkan verməyəcəyik", - deyə Çelik vurğulayıb.

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq davam edir, enerji layihələri işləyir, regional məsələlərdə koordinasiya saxlanılır və liderlər səviyyəsində münasibətlər rəsmi olaraq strateji müttəfiqlik kimi təqdim olunur.

Bu səbəbdən hazırkı vəziyyəti diplomatik böhran adlandırmaq hələ tez görünür.

Müharibədən sonrakı yeni mərhələ

Bu müzakirələrin ortaya çıxması təsadüfi görünmür.

2020-ci ildən sonra Azərbaycan regionda özünü daha güclü və daha müstəqil oyunçu kimi göstərməyə başlayıb. Qarabağ üzərində nəzarətin bərpasından sonra Bakı xarici siyasətdə əvvəlkindən daha sərbəst davranır.

Türkiyə isə eyni vaxtda Yaxın Şərqdə, Qafqazda və digər regionlarda fərqli prioritetlər arasında balans qurmağa çalışır.

Belə şəraitdə iki ölkənin bütün məsələlərdə tam eyni mövqe tutacağını gözləmək çətindir.

İsrail məsələsi də həmin fərqlərin daha görünən olduğu mövzulardan birinə çevrilib.

Hazırda əsas risk dövlətlərarası münasibətlərdən çox ictimai münasibətlərdə görünür.

Uzun illər ərzində Azərbaycan cəmiyyətində Türkiyəyə münasibət xüsusi emosional məna daşıyıb. Eyni şəkildə Türkiyədə də Azərbaycanla bağlı müsbət ictimai təsəvvür formalaşıb.

İsrail ətrafında yaranan mübahisə isə ilk dəfə deyil, amma bu dəfə daha böyük narazılıq yaratdığını müşahidə etmək mümkündür.