Alman kəşfiyyatçısının Azərbaycan əlaqələrinə dair iddialar

Şəklin mənbəyi, Getty Images
- Müəllif, BBC Türkcə
- Məkan, Berlin
- Çap edildi
- Oxuma vaxtı: 4 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Almaniya kəşfiyyatının keçmiş rəhbərinin "Azərbaycan kəşfiyyatı ilə əlaqəsi" araşdırılır, Almaniyanın Spiegel nəşri yazıb.
Yeddi il Almaniyanın Federal Kəşfiyyat Xidmətinə rəhbərlik etmiş August Hanning casusluq, məxfi məlumatların sızdırılması və dövlətə xəyanət maddələriylə həbs olunub.
Rusiya ilə müharibəyə cəlb olunma təhlükəsinin müzakirə olunduğu, ölkənin xarici kəşfiyyat agentliyinin "Almaniyanın birinci müdafiə xətti" adı altında geniş səlahiyyətlərlə yenidən qurulduğu bir vaxtda ortaya çıxan son illərin ən böyük kəşfiyyat qalmaqalı Berlini silkələyib.
Azərbaycanın Media və Yayım Şurası bəyan edib ki, Azərbaycanın Almaniya Federal Kəşfiyyat Xidmətinin araşdırması ilə əlaqələndirilməsi dezinformasiyadır.
Almaniya Federal Ədalət Məhkəməsi 80 yaşlı keçmiş kəşfiyyat rəisinin həbs tələbini təsdiqləyib. Əməli sübuta yetirilsə, o, ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirə bilər.
Azərbaycan üçün təhlil hazırladığı iddiaları
Hanning 2005-ci ildə Angela Merkelin kansler vəzifəsini tutması ilə Almaniya Daxili İşlər Nazirliyində müşavir təyin edilib.
Müşavir vəzifəsində çalışdığı müddətdə o, Federal Kəşfiyyat Xidmətində (FKX) birlikdə işlədiyi Manfred D.-ni nazirliyə gətirib. Lakin Manfred D. daha sonra FKX-yə qayıdıb və yüksək vəzifələrdə təmsil olunub.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Prokurorluqdakı mənbələrə görə, 2009-cu ildə təqaüdə çıxan Hanning sonrakı illərdə məsləhət və lobbiçilik fəaliyyəti ilə məşğul olub və Manfred D. ilə yaxın münasibətlər saxlayıb.
Federal Prokurorluğun məlumatına görə, təqaüdə çıxdıqdan sonra keçmiş agentlik rəhbəri Hanning keçmiş baş müavini Manfred D.-dən pul müqabilində çoxsaylı məxfi sənədlər, məxfi kəşfiyyat hesabatları almağa davam edib və dövlət sirlərindən məsləhət xidmətlərində istifadə edib.
Hanning-lə eyni vaxtda saxlanılan Manfred D. dövlətə xəyanət məqsədli casusluğa kömək etməkdə ittiham olunur. Hər iki şəxsin ittihamlara münasibəti bəlli deyil.
August Hanning-in bəzi məlumatları xarici kəşfiyyat xidmətləri ilə paylaşmış ola biləcəyi də şübhə altındadır.
Federal Prokurorluq bildirib ki, "onun xarici kəşfiyyat xidməti adından casusluq fəaliyyəti həyata keçirdiyinə dair güclü şübhələr var".
Almaniya Federal Prokurorluğu Hanning-in Manfred D.-dən aldığı məxfi məlumatları ən az bir dəfə bir xarici kəşfiyyat idarəsinin əməkdaşı üçün təhlil etmək üçün istifadə etdiyini açıqlayıb. Lakin qurum həm də bildirib ki, bu təhlilin aidiyyatı yerə çatıb-çatmadığı hələlik aydınlaşdırılmayıb.
Bundan başqa, Hanning-in başqa bir ölkənin kəşfiyyat xidmətindən bir yüksək vəzifəli şəxslə davamlı ünsiyyətdə olduğu və ona bir neçə il ərzində siyasi məlumatlar ötürdüyü qeyd olunur.
Ancaq Federal Prokurorluq Hanning-in hansı ölkə kəşfiyyatına analiz hazırladığı və hansı ölkənin kəşfiyyatçısı ilə sıx əlaqələr saxladığını açıqlamayıb.
Alman mediası yazır ki, sözü gedən ölkə Rusiya deyil.
Spiegel nəşri isə öz eksklüziv xəbərində prokurorluğun Hanning-in Azərbaycan kəşfiyyatı ilə əlaqələrinin olması ehtimalını araşdırdığını yazıb.
Azərbaycan Media və Yayım Şurası: "...Dezinformasiyadır"
Azərbaycanın Media və Yayım Şurası bəyan edib ki, Azərbaycanın Federal Kəşfiyyat Xidmətinin araşdırması ilə əlaqələndirilməsi dezinformasiyadır.
Azərbaycanın Media və Yayım Şurası bəyan edib ki, Almaniya Federal Kəşfiyyat Xidmətinin (FKX) keçmiş rəhbəri Avqust Hanning-lə bağlı istintaq çərçivəsində Azərbaycanın adının hallandırılması dezinformasiya xarakteri daşıyır və ölkəyə qarşı həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsidir.
Şura bildirib ki, əvvəlcə Der Spiegel, və digər bir sıra beynəlxalq media qurumlarında yayılan iddialar "rəsmi mənbələrə əsaslanmır və fakt kimi təqdim olunması informasiyanın yolverilməz manipulyasiyasıdır".
Bəyanatda həmçinin vurğulanıb ki, bu cür məlumatların məqsədi son vaxtlar inkişaf edən Azərbaycan-Almaniya münasibətlərinə "zərbə vurmaqdır".
Müəyyən edilmiş məxfi sənədlərin sayı iki mindir
Almaniya Federal Prokurorluğunun açıqlamasına görə, 2010-2022-ci illər arasında FKX-dən təxminən iki min kəşfiyyat sənədi və hesabat sızdırılıb.
Bu sənədlərin xüsusilə böyük bir hissəsinin dövlət sirri kimi təsnif edildiyi bildirilir. Qeyd olunur ki, bunlara Baş nazirin ofisində keçirilən həftəlik kəşfiyyat brifinqləri üçün FKX tərəfindən hazırlanmış yüksək məxfi hesabatlar daxildir.
Almaniyada son zamanların ən büyük kəşfiyyat qalmaqalı əslində bir qaçırılma hadisəsi ilə əlaqədar olaraq, Hamburg Prokurorluğu tərəfindən aparılan başqa bir təhqiqatın sayəsində ortaya çıxıb.
Bu hadisədə Hanning-lə əlaqəli bir təhlükəsizlik şirkətini sorğulayan prokurorluq ötən ilin sentyabr ayında Hanning-in evində apardığı axtarışlarda bir yaddaş kartı tapıb. Kartı oxutduqda içindən FKX-yə aid gizli və aktual sənədlər çıxıb. Bundan sonra bu iş casusluq cinayətlərini araşdıran Federal Prokurorluğa göndərilib.
Daha sonra FKX və Federal Cinayət Polisi İdarəsi ilə birgə Hanning və Manfred D. barəsində gizli təhqiqat başladılıb. Həbs olunmuş 80 yaşlı Hanning barəsindəki iddialar sübut olunarsa, o, qalan ömrünü barmaqlıqlar arasında keçirmək məcburiyətində qalacaq.
Federal Prokurorluğun irəli sürdüyü ittihamlar, xüsusən də dövlətə xəyanət cinayəti ağır azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Şəklin mənbəyi, Sean Gallup/Getty Images
Martin Yeger: "Güzəşt olmayacaq"

Şəklin mənbəyi, Carsten Koall/Getty Images
Keçmiş kəşfiyyat rəhbərinin casusluq ittihamı ilə polislər tərəfindən evindən çıxarılaraq aparılması ictimaiyyətdə müzakirələrə səbəb olub.
FKX rəhbəri isə hadisələrin gedişatı barədə qısa açıqlama verib ki, bu barədə xəbər alan kimi qurum daxilində təhqiqat başladılıb. Aparılan araşdırmaların mövcud şübhələri təsdiqlədiyini bildirən Yeger "daxili təhlükəsizlik məsələsində heç bir güzəşt olmayacaq" deyib.
Almaniya Federal Parlamentinin kəşfiyyat durumlarına nəzarət komissiyasının sədri, hakim Xristiyan Demokrat Partiyasının deputatı Marc Henrichmann Hanning-ə qarşı ittihamların milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb. O bildirib ki, Hanningin saxlanılması da Almaniyada hüququn aliliyinin işlədiyini nümayiş etdirir.
Henrichmann-ın sözlərinə görə, "dövlət sirlərinin açıqlanmasına heç bir halda yol verilməyəcək".
Komissiya sədrinin müavini, Yaşıllar Partiyasından olan deputat Konstantin fon Nots isə ittihamların təcili şəkildə araşdırılmasını tələb edib və hökumətdən istintaqın qətiyyətlə aparılması ilə bağlı məlumat istəyəcəklərini açıqlayıb.
























