İran: Məsud Pezeşkianla Ararat Mirzoyan nəyi müzakirə edib?

Pezeşkianla Mirzoyan nəyi müzakirə edib? 5 oktyabr, 2026
Şəklin alt yazısı, Ermənistanlı nazir Ararat Mirzoyan və İran Prezidenti Məsud Pezeşkian,
Çap edildi
Oxuma vaxtı: 3 dəq

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan İran Prezidenti Məsud Pezeşkianla Tehranda ABŞ-ın dəstəklədiyi tranzit layihəsini müzakirə edib.

Ermənistan XİN-in məlumatına görə, Ararat Mirzoyan və Pezeşkian arasında keçirilmiş görüşdə enerji, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq, regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub.

O, ABŞ tərəfindən dəstəklənən TRIPP regional tranzit layihəsinin icrası ilə bağlı görülən işlər barədə İran Prezidentini məlumatlandırıb, - xəbərdə deyilir.

İran Azərbaycan və onun bir hissəsi olan Naxçıvanı Ermənistan üzərindən birləşdirəcək TRIPP layihəsindən narazılığını açıq ifadə edib: Tehran regional təhlükəsizlik səbəblərini əsas gətirir.

Ararat Mirzoyanla görüşündə Pezeşkian Tehran-Washington münasibətlərinin etimad böhranı ilə müşayiət olunduğunu bildirib, İran Prezidentinin rəsmi saytı yazıb.

Onun sözlərinə görə, İran hər dəfə danışıqlara hazır olduğunu nümayiş etdirdikdə, bunun ardınca təzyiq və hərbi təhdidlər artır.

"Bizim Amerika ilə problemimiz ondadır ki, hər dəfə danışıqlar masasına əyləşirik, dərhal üzərimizə müharibə kölgəsi salınır. Bu göstərir ki, onların məqsədi danışıqlar aparmaq deyil, İran İslam Respublikasını devirməkdir", - Pezeşkian bildirib.

İran Prezidenti ölkəsinin nüvə proqramı ilə bağlı dialoq və beynəlxalq yoxlamalara hazır olduğunu vurğulayıb. Bununla belə, o iddia edib ki, əvvəllər beynəlxalq müfəttişlərin əldə etdiyi məlumatlardan sonra İranın nüvə obyektləri və alimləri hədəfə çevrilib.

Pezeşkian ABŞ-ın İrana qarşı siyasətini tənqid edərək bildirib ki, sanksiyalar, təzyiqlər və təhdidlər fonunda aparılan danışıqların mənası yoxdur.

"Hər gün təzyiq göstərən, hədələr səsləndirən və öhdəliklərini pozan tərəflə danışıqlar mənasızdır", - o əlavə edib.

ABŞ və İran arasında danışıqların dalana dirəndiyi bir vaxtda İran rəsmiləri ölkənin hər hansı mümkün hücuma cavab verməyə hazır olduğunu bəyan edirlər.

Mirzoyan TRIPP layihəsini iranlı həmkarı və spikerlə də müzkairə edib

Mirzoyan TRIPP layihəsini iranlı həmkarı və spikerlə də müzkairə edib
Şəklin alt yazısı, Ararat Mirzoyan TRIPP layihəsini iranlı həmkarı Abbas Əraqçi ilə də müzakirə edib
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Ararat Mirzoyan Tehran səfəri çərçivəsində görüşdüyü parlament sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə TRIPP layihəsini müzakirə edib, Ermənistan XİN bildirib.

Mirzoyan deyib ki, TRIPP layihəsi çərçivəsində dəmir yolu şəbəkəsinin inkişafı region ölkələri üçün yeni imkanlar yarada bilər, xəbərdə deyilir.

Bağır Qalibafla görüşdə Ermənistan və İranı birləşdirən infrastrukturun inkişaf etdirilməsinin və yükdaşımaların fasiləsizliyinin təmin olunmasının önəmi vurğulanıb.

Abbas Əraqçi ilə görüşündə İran tərəfi Ermənistanın irəli sürdüyü "Sülh qovşağı" təşəbbüsünə dəstəyini bir daha ifadə edib, Ermənistan XİN bildirib.

İranın xarici işlər naziri "Qafqaz regionunun işlərinə üçüncü tərəflərin müdaxiləsi və onların orada mövcudluğu nəticəsində yaranan problemlər və narahatlıqların nəzərə alınmasının vacibliyini" vurğulayıb, - İran XİN açıqlayıb.

O əlavə edib ki, regionda davamlı sülh və sabitlik regional məsələlərinin məhz region ölkələri tərəfindən həll edilməsindən və regiondankənar güclərin müdaxiləsinin qarşısının alınmasından asılıdır, xəbərdə deyilir.