Pezeşkian:"Qonşulara söysək, onlar da bizimlə ticarət etməz"
"Biz qonşulara söyüş söysək, onlar da bizimlə ticarət etməz." İran Prezidenti Məsud Pezeşkianın Tehranda keçirilən Sərmayə Bazarı Konfransında səsləndirdiyi bu fikirlər geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalarla qarşılanıb.
"Əgər hər qonşuya damğa vurub təhqir etsən, onlar da səni qəbul etməz", - Pezeşkian deyib.
İran prezidenti bildirib ki, "hamıya qarşı sərt və təhqiramiz ifadələr işlətmək əvəzinə, qonşularımızla rahat şəkildə ticarət edə bilərik".
"Bəs məhsulunu kimə satacaqsan? Sən hansısa ölkəyə və ya bölgəyə təhqirlə yanaşanda, o da deyəcək ki, 'mən səninlə ticarət etmərəm'. Əgər düzgün idarəetmə bacarığımız olsa, qonşularımızla ticarət əlaqələrimizi yaxşılaşdıra bilərik", - deyə Pezeşkian vurğulayıb.
Hakimiyyətə yaxın dairələr onun sözlərini zahirən səmimi, lakin zəiflik əlaməti kimi dəyərləndirir və hesab edirlər ki, bu yanaşma regional qarşıdurmalarda digər ölkələrin mövqeyini haqlı göstərir. İslam Respublikasının bəzi müxalifləri isə prezidentin fikirlərini ölkənin iqtisadi problemlərinin etirafı kimi qiymətləndirirlər.
Azərbaycanın cənub bölgələrində fəaliyyət göstərən bəzi sosial media səhifələri bu açıqlamaları Türkiyə və Azərbaycana qarşı səsləndirilən ittiham və hücumlara cavab kimi şərh edib.
Pezeşkian prezident seçildiyi gündən etibarən Türkiyə və Azərbaycan başda olmaqla qonşu dövlətlərlə yaxşı münasibətlərin vacibliyini vurğulayır.
İran-İsrail qarşıdurmasının ilk günlərində o, İranın hərbi əməliyyatlar nəticəsində zərər görmüş qonşu ölkələrdən üzr istədiyini bildirmişdi. Lakin bu açıqlamadan sonra da bölgədə, xüsusilə Körfəz ölkələrinə yönəlmiş hücumlar davam edib.



