Yarpaqlar payızda rəngini niyə dəyişir?

payız
Şəklin alt yazısı, Ağaların yapraklarını dökmesi uzun vadede hayatta kalmasına yardım eder.
    • Müəllif, BBC Bitesize
  • Çap edildi
  • Oxuma vaxtı: 4 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Həftələr və aylar ötüb keçdikcə, fəsillər kimi ətrafımızdakı bir çox şey də dəyişməyə davam edir.

Yaz, yay, payız və qış arasında insanların adətən öz sevimli fəsli olur. Təbiət də çox vaxt bir fəslin başa çatıb digərinin yaxınlaşdığını göstərən işarələr təqdim edir.

Məsələn, payızı götürək.

Günlər qısalır, hava soyuyur, ağacların yarpaqları isə rəngini dəyişməyə və tökülməyə başlayır. Bəs yarpaqlar əslində niyə belə davranır?

Yarpaqlar nə üçün lazımdır?

Yarpaqlar hər yerdə var və onları tapmaq, adətən, çətin deyil. Amma gəlin, hər şeyə əvvəldən başlayaq və yarpaqların əslində nə iş gördüyünə qısaca nəzər salaq.

Bitkinin ən vacib orqanlarından biri olan yarpaqlar fotosintez adlanan proses vasitəsilə bitki üçün qida hazırlayır. Bu proses zamanı yarpaqlar karbon qazını və suyu oksigenə və qlükozaya çevirmək üçün xlorofildən və işıq enerjisindən istifadə edir. Bitki üçün qida mənbəyi rolunu oynayan maddə məhz bu qlükozadır.

Bitkidən asılı olaraq yarpaqların ölçüsü, forması və rəngi dəyişir. Lakin onların hamısı fotosintez prosesini həyata keçirmək üçün uyğundur.

Yarpaqlar niyə ağaclardan tökülür?

Tökülən yarpaqlar insanlar və ev heyvanları üçün təbii bir əyləncə mənbəyidir.
Şəklin alt yazısı, Tökülən yarpaqlar insanlar və ev heyvanları üçün təbii bir əyləncə mənbəyidir.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Sadə dillə desək, ağaclar yarpaqlarının artıq heç bir faydası olmadığı üçün onları tökürlər.

Üstəlik, bu proses ağacın uzun müddət yaşamasını da təmin edir. Bu, ağacları qorumağın və onların qışı, eləcə də ondan sonrakı dövrü sağ-salamat keçirmələrinə zəmanət verməyin bir yoludur.

Yarpaqlar qış aylarında ölür. Əgər bu ölü yarpaqlar ağacda qalsaydı və onların yerinə yeniləri, yəni funksional yarpaqlar çıxmasaydı, ağacların özləri üçün qida istehsal etmək imkanı qalmazdı.

Ağaclar bu prosesi hər il həyata keçirməsəydilər, yarpaq hüceyrələrindəki su donaraq hüceyrələri partladardı. Çünki su buza çevrilərkən genişlənir.

Yay gəldikdə ağacın heç bir funksional yarpağı qalmadığı üçün o, qida istehsal edə bilməzdi və sürətlə ölərdi.

Bundan əlavə, yay başa çatdıqda yarpaqların əksəriyyəti ya həşəratlar tərəfindən yeyilmiş, ya da qismən çürümüş olur. Bu da ağaclara yeni bir başlanğıc etmək şansı verir. Yəni, onlara "yeni bir səhifə açmaq" imkanı yaradır.

Yarpaqlar niyə rəngini dəyişir?

payız mənzərəsi
Şəklin alt yazısı, Min cür rəngə çalan yarpaqlar əsrarəngsiz tablo yaradır

Yarpaqlar yaşıl olduqda, ağac üçün bir orqan funksiyasını yerinə yetirir. Yaşıl rəng günəş işığını ağacın "qida" kimi istifadə edə biləcəyi şəkərlərə çevirən və xlorofil adlanan hüceyrə komponentindən qaynaqlanır.

Hava soyuduqca, günlər qısaldıqca və yarpaqların istifadə edə biləcəyi günəş işığı azaldıqca ağacın digər hissələri yarpaqlardakı bu faydalı maddələri özünə çəkməyə başlayır.

Daha sonra ağac həmin maddələri qış boyunca istifadə etmək üçün köklərində saxlayır. Ağac bu prosesi həyata keçirərkən yaşıl xlorofil yox olur və beləliklə, yarpaqlarda gizlənən digər rənglər üzə çıxır.

Əvvəlcə sarı rənglər görünür, sonra isə onlar payız aylarının böyük hissəsində üstünlük təşkil edən qırmızı və qəhvəyi çalarlara yerini verir.

Bəzi ağaclar niyə yarpaqlarını tökmür?

şam ağacları

Bəzi ağaclar "həmişəyaşıl" adlandırılır.

Adından da göründüyü kimi, bu, həmin ağacların yarpaqlarının həmişə yaşıl qalması və tökülməməsi deməkdir.

Bunun səbəbi küknar kimi ağacların yarpaqlarını qoruyan, qətran adlanan qalın və mumabənzər təbəqəyə malik olmasıdır.

Bu təbəqə sayəsində yarpaqlar soyuq havalarda donub çatlamır. Buna görə də bütün yarpaqların tökülüb yay fəslinədək yenidən çıxmasına ehtiyac qalmır.

Bununla belə, bəzi yarpaqlar il ərzində arabir tökülə bilər. Bundan əlavə, "yarıhəmişəyaşıl" adlandırılan bəzi ağaclar yarpaqlarının hamısını yalnız hava kifayət qədər soyuduqda tökürlər.

Qış ayları mülayim keçərsə, bu ağaclar yaşıl qalmağa davam edir.

Ağaclar nə vaxt yenidən yarpaq açır?

Hamımız günəş altında gəzməyi və gözəl mənzərələrdən zövq almağı sevirik.
Şəklin alt yazısı, Hamımız günəş altında gəzməyi və gözəl mənzərələrdən zövq almağı sevirik.

Payız və qış ayları adətən daha soyuq və qaranlıq keçir. Lakin yazın gəlişi ilə yarpaqlar tumurcuqlardan çıxmağa başlayır. Bunun səbəbi yaz fəslində günün işıqlı saatının daha uzun və daha yüksək temperatur olmasıdır.

İlk yarpaqlar adətən mart və aprel aylarında görünməyə başlayır. Ancaq hava şəraiti və iqlim kimi amillərlə yanaşı, müxtəlif ağac növlərinin özünəməxsus xüsusiyyətləri də bu prosesə təsir göstərə bilər.