Çində qasırğa: "dünyanın axırı idi sanki.."

Çap edildi

Çində qasırğa və dolu yağışı azı 98 nəfərin ölməsinə və 800 nəfərdən çox insanın yaralanmasına səbəb olub.

Hadisə ölkənin şərqində, Jiangsu vilayətində baş verib, dövlət mediası bildirib.

Mövsümi yağışlarla müşahidə edilən qasırğa cümə axşamı günündən bəri davam edir.

Hələ də sürəti saatda 125 km olan küləklər əsməkdədir.

Vilayətin yanğınsöndürmə qrupu dövlət mediasında deyib ki, xilasetmə işləri artıq yekunlaşıb və indi təmizləmə işləri aparılır.

Prezident Xi Jinping hadisəni Çində son yarım əsrdə baş vermiş ən pis fəlakət adlandırıb.

O qərar verib ki, xilasetmə üçün bütün mümkün işləri görmək tapşırılıb.

Cümə günü xilasedicilər yaralanmış kəndliləri təcili tibbi yardım maşınları ilə daşıyıb və onlara su və yemək çatdırıblar, Xinhua açıqlayıb.

Xilasetmə işlərinə 1300-dən çox polis nəfəri cəlb edilib, Pekindən çadır və digər fövqəladə hallar üçün nəzərdə tutulmuş ləvazimat göndərilib.

"Sanki dünyanın sonu idi," sakinlərdən biri, Xie Litian Xinhua agentliyinə deyib.

"Fırtına səsi eşitdim və pəncərələri bağlamaq üçün yuxarı çıxdım. Güclə pilləkanları çıxdım və birdən bütün divarın çökməsinin şahidi oldum."

60 yaşlı bir qadınsa BBC-ə deyib ki, həyatında belə qasırğa görməyib: "Tavanlar çöküb, divarlar parçalanıb, avtomobillər kanala düşüb, tör-töküntü sınmış pəncərələrdə qalıb".

Bu həftə Çinin müxtəlif ərazilərində mövsümi yağışlar yağıb, nəticədə cənubda baş vermiş daşqınlar 22 nəfərin ölümünə səbəb olub.

200 minə yaxın sakinsə, məcburi köçkün vəziyyətinə düşüb.