Pakistanda azərbaycanlı qadınla bağlı zorlama işi
Pakistanın Lahor şəhər məhkəməsi azərbaycanlı qadına qarşı zorlamada şübhəli bilinən iki nəfərin polis nəzarətində saxlanılma müddətini daha dörd gün uzadıb, BBC Urdu yazıb.
Bildirilir ki, 20 yaşlı Azərbaycan vətəndaşına qarşı qrup halında təcavüzdə ümumilikdə üç nəfər təqsirləndirilir. Hadisənin Lahor şəhərində baş verdiyi deyilir.
Qadın tibbi müayinədən keçirilib və müayinə onun təcavüzə məruz qaldığını təsdiqləyib, Lahor İstintaq İdarəsi bildirib.
BBC Urdu yazıb ki, qadın məhkəmə qarşısına çıxıb. O, məhkəməyə deyib ki, sentyabrın 13-də İstanbuldan Pakistana gəlib.
Bir neçə gün sonra o, Lahora səyahət edib.
O bildirib ki, tək səyahət etmək istəmədiyi üçün iki qadınla əlaqə saxlayıb.
Qadın iddia edir ki, qadınlarla birlikdə "Bahria Town" ərazisinə gedib və orada bir müddət vaxt keçirib.
Bu zaman onlara iki nəfər yaxınlaşıb və bir yerdə şam etmək üçün bir mənzilə gediblər, qadın məhkəməyə ifadəsində deyib.
Onun sözlərinə görə, burda onlara daha iki oğlan qoşulub.
O bildirib ki, onunla olan qadınlardan biri kişilərin birindən pul alıb və bu pulun əyləncə xərcləri üçün olduğunu söyləyib.
Məhkəmə ifadəsində qadın deyib ki, həmin qadınlar çıxıb gedib, ona isə getməyə icazə verilməyib və təcavüzə məruz qalıb.
Bundan sonra isə onu tanımadığı bir yerdə düşürüb, pulunu və telefonlarını götürüblər.
O, yoldan keçənlərin köməyi ilə polisə zəng etdiyini söyləyib.
BBC Azərbaycanca Azərbaycanın Pakistandakı səfirliyi ilə əlaqə saxlaya bilməyib.
Britaniyada yerləşən Equality Now təşkilatının Cənubi Asiya üzrə hüquq məsləhətçisi Michelle Shahid deyir ki, Pakistan qanunvericiliyinə görə, zorlama cinayətinə görə ölüm hökmü və ya ömürlük həbs cəzası nəzərdə tutulur.



